backend

“Səttar Möhbalıyevin oğlunun rəis olduğu dövrlərdə “Şamaxinka”da, Alatavada narkotik satışı tüğyan edirdi”

Tanınmış hüquqşünas: “Anti-narkotik təbliğatla bağlı Daxili İşlər Nazirliyinin ictimaiyyətə müraciəti ilə tanış oldum. Qeyd edim ki, son günlərdə bu, DİN-in ictimaiyyətə ikinci müraciətidir. DİN-in ictimaiyyətə belə açıq münasibəti, onun rəyi ilə hesablaşması çox müsbət haldır və alqışlanmalıdır”.
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov bildirib ki, son günlər yayılan məlumatlar da DİN-də narkotiklə mübarizədə ciddi dönüş olduğundan xəbər verir: “Bu münasibətə görə şəxsən Daxili İşlər Naziri Vilayət Eyvazova təşəkkür edirəm. Onu da bildirim ki, son günlər görüşlərim, müşahidələrim, aldığım məktublar ondan xəbər verir ki, DİN-in yerlərdəki nümayəndələrinin bəziləri bu alverin içindədir, əksəriyyəti isə vəzifələrinə səhlənkar yanaşırlar. Ona görə də hesab edirəm ki, DİN-də bu cinayətə bulaşanların da həbs edilməsi, cəzalandırılmasının vaxtıdır. Bu isə DİN-in yox, birbaşa bu günə qədər qəflət yuxusunda olan, baş verənləri görməməzliyə vuran Respublika Prokurorluğunun işidir. Polis işçilərinin bu cinayətdə iştirak etmələrini bilmək üçün sosial mediada gedən yazıları araşdırmaq kifayətdir. Bunun üçün çox vaxt itirmək də lazım deyil. Tək ictimai aktiv vətəndaş olan Kamil Zeynallının ictimailəşdirdiyi, ona ünvanlanmış məktublardakı faktları yoxlamaq kifayətdir.
Qeyd edim ki, eyni məzmunlu məktubları mən də alıram. Sadəcə vaxt qıtlığından, tək olduğumdan onları sistemləşdirib yaymaq imkanım yoxdur. K.Zeynallının yaydığı Lənkəranın Qaraçılar qəsəbəsində narkotik satan bir cavanın tutulub sonra 10 min manat rüşvət müqabilində həbsdən azad edilməsi barədə mənə də məlumat veriblər. Bunu bütün kənd əhalisi bilir. Bu faktın yoxlanması isə birbaşa Lənkəran rayon prokurorunun vəzifə borcudur.
Azərbaycanın bütün bölgələrində bu biabırçılıqlar var. Ən dəhşətlisi isə Bakının Yasamal rayonu ərazisində yerləşən Şamaxinka, Alatava, Dağlı məhləsi, Yeni Yasamal adlanan məkanlarındadır. Qeyd edim ki, narkotik tərkibli dərmanların apteklərdə qanunsuz satışı da məhz bu rayonda tüğyan edirdi. Uzun illər Yasamal rayonunun polis rəisi isə bu yaxınlarda vəzifəsindən azad edilmiş, keçmiş Prezidentin köməkçisi Əli Həsənovun kürəkəni, indi də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri vəzifəsini tutan, deputat Səttar Mehbalıyevin oğludur. Belələrinin sadəcə vəzifələrindən azad edilməsinin özü onların mükafatlandırılması deməkdir.
Məhz bu cür hallara görə belələrinin həmkarları da sadəcə imkan varkən pul qazanıb sonda rahatca vəzifələrindən azad ediləcəklərini düşündüklərindən cinayət əməllərini davam etdirirlər”.