backend

Bakıda xəstəxananın əməliyyat otağına hücum olub

Bakıda xəstəxananın əməliyyat otağına hücum olub

















Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində dəmiryol stansiyasının yaxınlığında baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub

"Report"un xəbərinə görə, araşdırma zamanı məlum olub ki, 28 yaşlı Seymur Məmmədov tanımadığı şəxs tərəfindən bıçaqlanandan sonra onu xəstəxanaya çatdırmaq üçün hadisə yerinə "Təcili tibbi yardım" briqadası çağırılıb. Yaralı "Təcili tibbi yardım" maşınına qoyulandan sonra onunla qeyri-rəsmi yaşamış qadın və daha iki nəfər həmin avtomobildə həkimlərin yanına əyləşib. Həkimlər yolda yaralıya ilkin tibbi yardım göstərərkən avtomobildə olan şəxslərdən biri həkimlərə bıçaq çıxardaraq onlara hədə-qorxu gəlməyə başlayıb və tibb işçilərinin fəaliyyətinə mane olub. Buna baxmayaraq, yaralı 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub. Dörd bıçaq xəsarəti alan Seymur Məmmədov əməliyyat olunan zaman özlərini onun yaxınları kimi təqdim edən başqa şəxslər əməliyyat otağına daxil olmağa çalışıblar. Lakin təhlükəsizlik xidmətinin əməkdaşları onların bu istəyinin qarşısını ala biliblər. Yaralı Seymur Məmmədovun yaxınlarının hərəkətləri barədə Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Bölməsinə məlumat verilib.
Hadisəni törədən şəxsin tutularaq istintaqa verilməsi istiqamətində əməliyyat axtarış-tədbirləri davam edir.