backend

SƏRHƏDDƏ GƏRGİNLİK ARTIB: ATIŞMADA TƏXRİBAT TÖRƏDƏN 3 ERMƏNİ HƏRBÇİSİ MƏHV EDİLİB - İki hərbçimiz yaralanıb

İyulun 28-i gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində yenidən təxribatlar törətməyə başlayıblar. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.
Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
Ermənilərin başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində təxribat törədən ermənilər məhv edilib.
Belə ki, Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.
“Sputnik Armeniya” xəbər verir ki, itki barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. Nazirliyinin yerli vaxtla saat 08.30-a olan məlumatında da göstərilib ki, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib. 
Nazirlikdən bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.
"Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür", - deyə nazirlikdən bildirilib.
Müdafiə Nazirliyindən bildirilib ki, hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Nazirlikdən verilən məlumatda o da qeyd edilinb ki, bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılıb.
"Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.
Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.
Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır", - Müdafiə Nazirliyindən bildirilib.