backend

Şagirdlərin hüququ burada da pozulur: - Təhsildə şəhər-kənd fərqi

Bu il daha çox qalmaqallarla yadda qalan müəllimlərin işə qəbulu üzrə test imtahanlarında daha yüksək bal toplayanlar mərkəzdə işləmək hüququna malik olurlar.

İmtahanda aşağı bal toplayan müəllimlər isə daha ucqar rayonlarda vakant yer seçə bilirlər. Bu da öz növbəsində həmin rayonlarda təhsil alan abituriyentlər üçün çətinlik yaradır. Çünki rayon və şəhərdən asılı olmayaraq, yaxşı təhsilə yiyələnmək hər bir abituriyentin haqqıdır. Aşağı bal toplayan müəllimin ucqar rayona təyin edilməsi rayonlardakı təhsil səviyyəsinə mənfi təsir edir. Hər il verilən statistikadan da görünür ki, ali məktəblərə qəbul səviyyəsi paytaxtda daha yüksəkdir.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki, bu, təhsildə qəsdən yaradılan ayrı-seçkilikdir:

“Şəhər yerlərinə yüksək bal, ucqar yerlərə aşağı bal verməklə o baş-bu başı cəmi 4 saat olan ölkədə ayrıseçkilik salırlar. Bu da nazirlikdə işləyən yoldaşları vəzifəyə gətirən xarici institutların proyektləridir. Təhsillə əlaqəsi olmayan insanların təhsildə rəhbər vəzifəyə gətirilməsinin nəticəsidir. Təhsildə bilərəkdən şəhər-kənd bölgüsü yaradaraq milləti parçalamağa çalışırlar. Nə vaxtadək ki, ölkə rəhbəri təhsil sahəsinə nəzarəti öz üzərinə götürməyəcək, bu ölkəni təhsillə çox pis “vuracaqlar”. Çünki təhsil sistemi xərçəng xəstəliyinə düçar olub”.

Təhsil eksperti Şahlar Əsgərov isə deyib ki, burada itirən yalnız abituriyentdir:

“Bu məsələdə itirən abituriyent olur. Yaxşı bal toplayan müəllimlərimiz də rayonlarda daha faydalı ola bilərlər. Rayonların dirçəlməsində öz əməklərini əsirgəməzlər. Bu, nazirlik üçün çətin sualdır. Gələcəkdə yəqin ki, buna da bir çarə taparlar. Təhsil sistemində keyfiyyət coğrafiyadan asılı olmamalıdır. Amma nə edə bilərik ki, bizim ölkədə bu, coğrafiyadan asılıdır və yaxşı məktəblərimiz Bakıda toplaşıb. Qeyri-bərabərliyi aradan qaldırmaq lazımdır. Yaxşi müəllimlər həm rayonda, həm Bakıda olmalıdır”.