backend

AZAL şefinin yarımmilyonluq nəqliyyat XƏRCİ - İcazə verin, şübhələnək...

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Airport Gate Service” MMC ilə maliyyə dəyəri 618 000 AZN təşkil edən satınalma müqaviləsi bağlayıb.

Dia.az qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə AZAL-ın əməkdaşlarının müəyyən olunmuş istiqamətlər üzrə avtonəqliyyat vasitələri ilə (avtobuslarla) gündəlik daşınması xidmətlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Airport Gate Service” MMC 30 mart 2016-cı il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 606 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mehbala Zeynalabdiyev küçəsi, ev 8, mənzil 28-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Məmməd Mirzə Ağahüseyn oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı qeyd yoxdur. Araşdırmalar zamanı isə aydın olub ki, “Airport Gate Service” MMC “Silk Way Holding” MMC-yə daxildir. Mediada gedən və bu günə qədər təkzib olunmayan məlumatlara görə isə, bu şirkət AZAL-ın prezidenti Cahangir Əsgərova və ailə üzvlərinə məxsusdur.