backend

Əbülfəz Elçibəyin vəfatından 21 il keçir


Bu gün Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin vəfat ildönümüdür.

Qaynarxett.az xəbər verir ki, sabiq Prezidentin ölümündən 21 il ötür.

Qeyd edək ki, Ə.Elçibəy 1938-ci ilin iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Ə.Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

Elçibəy 1975-ci ilin Yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 İyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.

Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin Dekabrında indiki Azərbaycan EA Əlyazmalar İnstitutu-nda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbe və vəzifələrinə qədər yüksəlir (16.07.1992-ci ilədək).

Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə qiyamı ilə əlaqədar paytaxtı tərk edərək Kələki kəndinə gedib. O daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib.
O, Fəxri xiyabanda dəfn olunub.