backend

Göyçay yeni icra başçısının gəlişinə niyə sevindi?

Göyçay yeni icra başçısının gəlişinə niyə sevindi?























Prezident İlham Əliyevin sərəncamı ilə Mansur Məmmədovun Göyçay rayonunun icra hakimi vəzifəsindən azad edilməsi və yerinə Qubanın icra hakimi olmuş Mübariz Ağayevin təyin olunması sakinlərin sevincinə səbəb olub. Rayon sakinləri yeni icra hakiminin gəlişini atəşfəşanlıqla qarşılayıblar.

Qeyd edək ki, Göyçay sakinlərinə neçə illərdir ki, “qan udduran” Mansur Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur. Mübariz Ağayev isə əvvəllər Göyçayın icra başçısı işləyib və gördüyü müsbət işlərlə yadda qalıb.

Müsavatın Göyçay təşkilatının sədri Namiq Hacıbəyli rayon sakinlərinin sevincini bizimlə bölüşdü: “Mübariz Ağayev 2006-2007-ci illərdə Göyçayda icra hakimi olub. Sonra onu Mingəçevirə göndərdilər. Orada da yaxşı işlədi. Bildiyimiz kimi, Quba hadisələrindən sonra çox adama icra hakimi vəzifəsi təklif etdilər. Heç kim könüllü getmədi. Bu adam getdi. Orada da hörmət qazandı. Bizə Mansur Məmmədov adlı Zərdabın keçmiş icra hakimini rəhbər qoymuşdular. Əlindən iş gəlməyən, axşama kimi kabinetdə oturan adam idi. Mübariz müəllim gecə-gündüz insanların içərisində olan adamdır. Rayondan olduğuna görə hamını tanıyır. Camaatla maraqlanır. Mansur Məmmədov gələndən sonra hər şey dayanmışdı. Göyçay məhv oldu, getdi. Xarabalığa çevrildi. İnsanlar Mansur Məmmədovdan bezmişdilər. Ona görə də Mübariz Ağayevin gəlişinə sevindilər. Çünki onun 1 il 2 aylıq dövrünü xatırlayırlar. Mən də facebook-da bununla bağlı yazdım. Xalqın gözləntisi var idi. Tarix muzeyinin qarşısında belə bir atəşfəşanlıq təşkil olundu. Xalqın inamı öldürülüb. Bu şəxsin gəlməyi inam hissi yaratdı. Çoxları özlərini göstərmək üçün şou düzəldiblər. Bu işdə Mübariz müəllimin dostlarının və yaxınlarının da az əməyi yoxdur. Vəzifə eşqi ilə belə addım atanlar da var. Amma hər halda, əhali arasında ruh yüksəkliyi yaranıb. Mənimlə məktəb yoldaşı olub. İşlək adamdır”.

Namiq Hacıbəyli keçmiş icra başçısı Mansur Məmmədovun özbaşınalıqlarından da danışdı: “Bu adam rəsmən Göyçayı dağıtdı. Rayonun binalarını, küçələrini məhv etdi. Xalq əslində Mansur Məmmədovun zülmünə görə atəşfəşanlıq etdi. O, heç kimin işinə yaramayıb. Şəhəri bərbad günə qoydu. İcra hakimi olan müddətdə rayonun bütün küçələrinin asfaltı ləğv olundu. Yalnız özlərinin bayramına görə mərkəzi küçələri asfalt etdilər. Qalan küçələr darmadağın oldu. Su problemi yaşadıq. Pisi görməsən, yaxşının qədrini bilməzsən. Biz göyçaylılar olaraq, istərdik ki, işləyən icra hakimi olsun. Şəhəri abadlaşdırsın. Amma ümumi işlərə təsir edə bilməyəcəyi bəllidir. Çünki balıq başdan iylənir”.