backend

Gəncədə qəbiristanlıq böhranı

Gəncədə qəbiristanlıq böhranı

Gəncə şəhərində dəfn işlərinin aparılması üçün qəbiristanlıqlarda yerlər getdikcə azalır. Bunun üçün əlavə torpaq sahələri ayrılsa da problem tam həll olunmur.

qaynarxett.az Axar.az-ə istinadən bildirir ki, şəhərin müsəlman əhalisi üçün 3 qəbiristanlıq var ki, bunlar arasında qismən torpaq sahələri 4 saylı - yəni “Yeni Səbiskar” adlanan ərazidə qalıb. 1 saylı qəbiristanlıq – “Köhnə Səbiskar” deyilən ərazidə ümumiyyətlə torpaq sahəsi qalmadığından burada dəfn işləri aparılmır. “İmamzadə” kimi tanınan 3 saylı qəbiristanlıqda da vəziyyət heç də ürəkaçan deyil. Təxminən 5 il öncə bu əraziyə dəfn işlərinin aparılması üçün 2 hektar əlavə torpaq sahəsi verilsə də, bu ərazi də tükənmək üzrədir.

3 saylı “İmamzadə” qəbiristanlığının müdiri Rəşid Abbasov deyib ki, qəbiristanlıqda dəfn üçün yer yoxdur:

“Ümumiyyətlə bizim ərazimizdə dəfn üçün əlavə yer yoxdur. Əgər kiminsə sərdabəsi varsa və ya kiminsə qəbrinin üstündə boş yer qalıbsa dəfn işləri aparırıq. İlkin 3-4 hektar torpaq olsa, 5 il xalqa xidmət göstərmək olar. Bizim şəriətlə deyirik ki, qəbir itməlidir. Ancaq bugünkü qəbirlərə baxanda deyirik ki, bu qəbirlər 2-3 əsr də keçsə itməyəcək. Bütün torpağı qəbirlə zəbt etmək olmaz. Bu qəbirlər bir nəsildən üç nəsilə kimi qalır”.

Bildirək ki, torpaq sahələrinin azalmasının əsas səbəblərindən biri də, qəbirlərin dəbdəbəli şəkildə götürülməsdir. Bəzi qəbirlər daha geniş ərazini əhatə edir ki, bu da problemin qabarmasına təsir edən faktorlardandır.

Məsələ ilə bağlı aidiyyatı qurumlar da məlumatlandırılıb və vəziyyətdən çıxış yolu üçün əlavə torpaq sahələrinin ayrılması gözlənilir.