backend

Balakəndə məhkəmə zalında qətl – YENİLƏNİB + VİDEO

Balakəndə məhkəmə zalında qətl – YENİLƏNİB + VİDEO























Hadisənin səbəbləri məlum oldu

Baş Prokurorluq Balakən Rayon Məhkəməsində törədilən qətl hadisəsi ilə bağlı məlumat açıqlayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, fevralın 4-də Balakən Rayon Məhkəməsində rayonun Qullar kənd sakini Xanpəriyev Məhəmməd İlham oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxslərdən biri Xipiyev Elşən Etibar oğlu üstündə gəzdirdiyi bıçaqla M.Xanpəriyevi qəsdən öldürmək məqsədi ilə ona çoxsaylı xəsarətlər yetirib.

M.Xanpəriyev Balakən rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada aldığı xəsarətlərdən ölüb.

Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
E.Xipiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

09:25

Balakəndə məhkəmə zalında törədilmiş qətlin bəzi təfərrüatları məlum olub.

qaynarxett.az APA-ya istinadla xəbər verir ki, qətlə yetirilmiş Məhəmməd Xanpəriyevin atası İlham Xanpəriyevin verdiyi məlumata görə, hadisə Balakən Rayon Məhkəməsinin hakimi Rafiq Kazımovun otağında baş verib.

Belə ki, Rafiq Kazımovun otağında aparılan məhkəmə prosesində oğlu Məhəmməd Xanpəriyevi qarşı tərəf, həmkəndlisi olan 1996-cı il təvəllüdlü Elşən Etibar oğlu Xipiyev tərəfindən bıçaqlanaraq qətlə yetirib. Məhəmməd Xanpəriyev aldığı ağır bıçaq xəsarətlərindən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Balakən rayon hüquq mühafizə orqanlarından verilən məlumata görə, hadisəni törədən Elşən Xipiyev həbs edilərək istintaqa təhvil edilib.Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən Məhəmməd Xanpəriyevlə hadisəni törədən Elşən Xipiyev arasında olan münaqişə ötən ilin dekabr ayının əvəllərindən başlayıb.

Belə ki, ötən ilin dekabr ayının 9-u məhkəmə prosesində qətlə yetirilən Məhəmməd Xanpəriyevlə həmkəndliləri 1991-ci il təvəllüdlü İlham İsak oğlu Xipiyev və İlham Xipiyevin qardaşı oğlu, Elşən Xipiyevlə (məhkəmə prosesində hadisəni törədən) şəxsi münasibətlər zəminində münaqişə baş vermişdi.

Münaqişə zamanı Məhəmməd Xanpəriyev üzərində gəzdirdiyi bıçaqla İlham Xipiyevi və onun qardaşı oğlu Elşən Xipiyevi vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdi. Dekabr ayında bu hadisəni törədən, Məhəmməd Xanpəriyev barəsində Balakən Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan qərarı çıxarılmışdı.

20:14 (04.02.15)

Məhkəmə prosesi gedə-gedə adam öldürən şəxs qardaşının qisasını alıb.

qaynarxett.az xəbər verir ki, virtualaz.org saytı Balakəndə məhkəmə prosesi gedə-gedə zaldaca törədilmiş qətlin bəzi təfərrüatlarını öyrənə bilib.

Məlum olub ki, qətli törədən şəxs bununla mərhum Məhəmməd Xanpəriyevdən qisas alıb. Belə ki, M.Xanpəriyev bir müddət öncə qatilinin qardaşını bıçaqlayıbmış. Həmin şəxs ölməsə də M.Xanpəriyev məhkəmə önünə çıxarılıb. Zərərçəkənin qardaşı isə onun qisasını məhkəmə zalındaca almağa qərar verib.

19:10

Balakəndə qətl hadisəsi baş verib.

qaynarxett.az xəbər verir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün Balakən Rayon Məhkəməsində qeydə alınıb.

Məhkəmədə keçirilən prosesdə təqsirləndirilən şəxs, 21 yaşlı Məhəmməd İlham oğlu Xanpəriyev şikayətçilərin yaxınları tərəfindən bıçaqlanıb.

Hadisə yerinə təcilli tibbi yardım çağırılsa da, onu xilas etmək mümkün olmayıb.