backend

İSMAYILLININ İCRA BAŞÇISININ ADI OLUB, ÖZÜ OLMAYAN MMC-LƏRİ

İSMAYILLININ İCRA BAŞÇISININ ADI OLUB, ÖZÜ OLMAYAN MMC-LƏRİ






















Mirdaməd Sadıqov pul yığmaq məqsədi ilə yaratmış saxta MMC-lərlə qara pulların yuyulması ilə məşğuldur

Vaxtilə ölkə başçısı rayonda baş vermiş narazılığı nəzərə alaraq icra hakimini cəzalandırdı və onun yerinə əslən İsmayıllıdan olan professor Mirdaməd Sadıqovu təyin etdi. Amma nə baş verdi. İcra başçısı dəyişsə də rayonda problemlər olduğu kimi qaldı. Yalnız Mirdaməd Sadıqovun gəlişindən sonra keçmiş başçının Rayon İcra Hakimiyyətində çalışan bəzi kadrları işdən çıxarıldı. Mirdaməd Sadıqov onların yerinə öz adamlarını təyin etdi. Digər tərəfdən, rayonda abadlıq və quruculuq işləri də istənilən səviyyədə getmədi. Səbəb isə birdir - yarıtmaz idarəçilik. Məhz buna görə İsmayıllılar rayon mərkəzində və kəndlərdə geniş təmir-tikinti işlərinin hələ də aparılmamasından narazıdır. Onların dediyinə görə İsmayıllının kanalizasiya və içməli su problemi rayonda ciddi fəsadlar yaradır. Rayonun mərkəzi ərazilərində kosmetik işlər gördürən Mirdaməd Sadıqov pul yığmaq məqsədi ilə yaratmış saxta MMC-lərlə qara pulların yuyulması ilə məşğuldur. Bu gün hər kəsə gün kimi aydındır ki, İsmayıllının bəzi kəndlərində yollar bərbad vəziyyətdədir. Sakinlər rayon mərkəzi ilə əlaqə saxlamaqda çətinlik çəkirlər. Bu qış aylarında şərait daha da dözülməz olub. Yağış, qar yağan kimi hər tərəf palçıqla əhatə olunur. Uşaqlar məktəbə gedə bilmirlər. Təcili yardım maşınları yollar pis olduğuna görə çağırış ünvanlarına vaxtında çatmır. Başçı özünü göstərmək üçün bir neçə dəfə sakinlərlə görüşsə də problemlərin həllinə çarə tapmadı.

İsmayıllı bu gün sosial problemlər məngənəsidə boğulur. İcra başçısı isə sanki bunu görmür. Rayonda işsizlər ordusu yaranıb, gənclərin böyük hissəsi paytaxt Bakıda və ya Rusiyada çörək dalınca gedib. Buütün bunlar icra başçısının vecinə də deyil. Çünki, onun rayonda sahib olduğu hər nə varsa qohumları tərəfindən idarə olunur.

Mirdaməd Sadıqovun qohumlarının adına yaratdığı 5 şirkəti vasitəsi ilə yüz minlərlə manat vəsaiti mənimsəiyib. Beləki, bütün rayonlarda olduğu kimi, İsmayıllıya da hər il abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün büdcədən pul ayrılır. Ayrılan həmin pulların təyinatı üzrə xərclənib-xərclənmədiyini müəyyən etmək elə də çətin olmasa da, icra başçısı Mirdaməd Sadıqovun gördüyü işləri «görməmək» mümkün deyil.

İsmayıllıdan bölgə muxbirimizin verdiyi məlumata görə rayonunda abadlıq və quruculuq işlərinin əksər xərcləri yerli idarə və müəssisələrin hesabına ödənilir. Belə ki, rəsmi qaydada tender elan edilsə də, udan şirkətlərin rayonda nə adını bilən var, nə də üzünü görən. Ona görə ki, İsmayıllıda bütün tenderləri icra başçısı Mirdaməd Sadıqovun dolayısı ilə yaratdığı, adı olub, özü olmayan 5 MMC-si udur. Nəticədə isə büdcədən ayrılmış yüz minlərlə manat bu şirkətlər vasitəsi ilə «silinir» və lazım olan hesablara köçürülür.

İcra başçısının nəzarətində olan bu şirkətlər vasitəsi ilə büdcənin pullarını talamaq elə də çətin deyil. Əksinə, əksər icra başçıları belə yeyinti işlərini həyata keçirmək üçün MMC-lər yaradır və işlərini də onlar vasitəsi ilə görürlər. İsmayıllıda isə vəziyyət belədir ki, həmin MMC-lər məhz icra başçısının qohumlarınındır. Təbii ki, belə “yağlı tikə”ləri başqalarına həvalə etmək olmazdı. Qohum elə bir şeydir ki, əti yeyilsə də, sümüyü atılmaz. Elə akademik icra başçısı da bu prinsipdən məsələyə yanaşaraq, bütün işləri qohum-əqrabaya həvalə edib.

P.S: İsmayıllı rayonunda baş verən qanunsuzluqlar barədə növbəti sayımızda əməkdaşımızın “Başçı sarıdan bəxti gətirməyən İsmayıllı” sərlövhəli araşdırma yazısını oxuya bilərsiniz.

V.Elturan