backend

Elman Rüstəmov niyə susur?

Elman Rüstəmov niyə susur?Elman Rüstəmov niyə susur?















Samir Şərifovla Elman Rüstəmov arasında səlahiyyətlərin bölüşdürülməsi məsələsində müəyyən problemlərin yaşandığı bildirilir

Mərkəzi Banka rəhbərlik etmək həm kommersiya banklarının kreditləşməsini, həm də maliyyə sektorunda həyata keçirilən əməliyyatlara nəzarəti etmək imkanı qazanmaq deməkdir. Baş bankirlik bunun sayəsində oliqarxlar üçün həmişə cəlbedici görünüb. Baxmayaraq ki, Mərkəzi Bankın sədrinin adı da oliqarxların siyahısında rəğbətə layiq yerlərdən birini tutur. Qeyd edək ki, ölkənin baş bankiri ən uzunömürlü məmurlardan sayılır. Qeyri-rəsmi ekspert hesablamalarına görə, Elman Rüstəmovun sərvətlərini Səudiyyə Ərəbistanı şahzadəsinin varidatı ilə müqayisə etmək olar. Ekspertlər Elman Rüstəmovun xarici banklarda oturdulmuş varidatının illik artımını 20-30% civarında qiymətləndirirlər. Üstəlik, bu artım faizi son iki onillikdə ölkənin monetar siyasətinə, başqa sözlə desək, pulun kəmiyyəti, kredit və faiz dərəcələri, mübadilə kursu ilə bağlı dövlət siyasətinə nəzarət edən şəxs üçün Azərbaycan şəraitində demək olar ki, normal sayılır. Lakin son zamanlar neftin qiymətinin xeyli aşağı düşməsi sanki Elman Rüstəmovun da ovqatına mənfi təsirsiz ötüşməyib. Bu prosesin nə qədər davam edəcəyi qaranlıq olaraq qalır. Bu səbəbdən də Elman Rüstəmov yaxın ətrafının maliyyə-bank sektorundakı strateji postlara yerləşdirilməsi qayğısına da qalır. Milli Bankın nəzdində fəaliyyət göstərən İpoteka Fondu Elman Rüstəmovun nəzarətindədir. Fondun rəhbəri Fəxri Kazımov 2008-ci ilin yanvarından bu vəzifəyə gətirilib, tanınmış partiya yetkilisi Xanhüseyn Kazımovun oğludur. Bundan əvvəl Mərkəzi Bankın İcra Aparatının rəhbəri vəzifəsində çalışıb. Milli Bankın baş direktoru olmuş Rüfət Aslanlının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə rəhbər təyin edilməsini də bu sıraya aid etmək olar.
Mərkəzi Bank rəhbərinin xarici öhdəliyi olan bir çox kommersiya banklarına “şapkalı” kreditlər ötürməsi faktları da mətbuata sızan bilgilər arasında xüsusilə nəzərə çarpır. Maraqlıdır ki, bir müddət öncə milli banknotların çapına dair Avstriya Mərkəzi Bankı ilə bağlanmış müqaviləyə görə rüşvət faktı rəsmən təsdiqləndikdən sonra məsələ ilə bağlı Avstriya Mərkəzi Bankının Baş Şurası bankın vitse-qubernatoru Volfqanq Dukatsek işdən çıxarılsa da Azərbaycan Mərkəzi Bankının rəhbəri “toxunulmaz” qala bilib. Belə informasiyaların mətbuatda yer almasında ola bilsin, Elman Rüstəmovla problemləri olan nazir və oliqarxların əli var. Baş bankirin maliyyə naziri Samir Şərifovla münasibətləri fonunda bu ehtimallar özünü daha qabarıq göstərir. Məlumata görə, Maliyyə Nazirliyi Mərkəzi Bankdakı büdcə vəsaitlərinin bir qisminini nəzarətə götürüb. Buna səbəb həmin vəsaitlərin kommersiya banklarına borc əvəzinə ötürülməsi olub. Məlum olub ki, bu məsələ Prezident Administrasiyası səviyyəsində Samir Şərifovun şəxsi təşəbbüsü ilə ortaya atılıb. Eyni zamanda, Samir Şərifovla Elman Rüstəmov arasında səlahiyyətlərin bölüşdürülməsi məsələsində də müəyyən problemlərin yaşandığı bildirilir. Bu mübahisələrin hələ də davam etməsi Elman Rüstəmova qarşı təzyiq rıçaqlarından biri kimi dəyərləndirilə bilər.

Mahir Əsədulla