backend

Bahalaşmasının qarşısında DÖVLƏT ACİZ GÖRÜNÜR… – Sürətli YOXSULLAŞMA GEDİR…

Azərbaycan idxal olunan 270 növ müxtəlif mallar 2030-cu ilin dekabrın 31-dək gömrük rüsumundan azad edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliyə əsasən, idxal rüsumundan azad edilən 203 mal üzrə gömrük dərəcəsi 15 faiz, 67 mal üzrə isə 5 faiz təşkil edirdi. Bu siyahıya balıq unu, şəkər əlavələri və siroplar, həmçinin bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr, tropik meyvələr, kağız, karton və sair mallar daxil edilib. Həmçinin gələn il yanvarın 1-dən Azərbaycana idxal olunacaq tropik meyvələr də 15 faiz gömrük rüsumundan azad ediləcək.

01 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq. Qeyd edək ki, bu ilin fevralın 8-də Nazirlər Kabinetinin qərarı ilə qeyd edilən mal növləri 2023-cü ilin dekabrın 31-dək gömrük rüsumundan azad edilib.
İdxal mallarının gömrük rüsumundan azad edilməsi ərzaq qiymətlərinə nə dərəcədə təsir edə bilər? Adətən, istehsalçılar gömrük rüsumlarını əsas gətirərək qiymət artımının qaçılmaz olduğunu bildirir. Amma Baş nazirin qərarında gömrük rüsumundan azad edilən mallar sırasnda çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr, tropik meyvələr də var. Yəni bu malların gömrük rüsumundan azad edilməsi çörək və un məmulatlarının, ətin, yumurtanın, tropik meyvələrin ucuzlaşmasına niyə səbəb olmamalıdır?
DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı “Şərq”ə danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, idxal rüsumu başqadır, əlavə dəyər vergisi başqa:
– Baş nazirin qərarında gömrük rüsumundan azad edilən malların siyahısı verilib. Bu, idxal rüsumudur. Bir də var 18 fazi əlavə dəyər vergisi, hansı ki məhsulun üzərinə əlavə edilir, bu rüsum götürülməyib. Doğrudur, çörəyə, yumurtaya ƏDV tətbiq edilmir. Amma bütün digər, əksər mallara ƏDV tətbiq edilir. Çörəkdə ƏDV yoxdur, un məmulatlarının digərlərində isə var. Bu da qiymətin ucuzlaşmasına imkan vermir. Ümumiyyətlə, iqtisadiyyatın normal bazar münasibətləri şəraitində inkişafı üçün gömrük rüsumunun, hətta ƏDV-nin faizinin də azaldılması əsas şərt deyil. Əsas şərt inhisarçılığın aradan qaldırılmasıdır. İnhisarçılıq varsa, istəyirsən gömrük rüsumunu ləğv et, ƏDV-ni azalt və ya ləğv et, vəziyyət dəyişməyəcək. Yumurta ƏDV-dən azaddır, qiymət düşür? Əksinə, bəzi vaxtlarda qiymətdə kəskin artım baş verir. Ona görə də qiymət monopoliyasının qarşısını almaq üçün əvvəlcə inhisarçılığın qarşısı alınmalıdır. Bu edilmirsə, güzəştlərin effekti olmayacaq.
F.İbrahimov qeyd etdi ki, idxal olunan bir sıra malların gömrük rüsumundan azad olunma müddətinin uzadılması, əslində kənd təsərrüfatı, heyvandarlıq üçün müsbət tendensiyadır:
– İdxal rüsumundan azad edilən mallar arasında görürük ki, heyvan yemi, yem əlavələri, gübrələr, bitki toxumları var. Bunlar kənd təsərrüfatını stimullaşdıran amillərdir. Tutalım, bir fermerin 5 min baş heyvanı var, amma o, yem bazası baxımından korluq çəkirsə, təsərrüfatını böyütməyə risk etmir. Heyvan yemi, yem əlavələri gömrük rüsumundan azad edilirsə, bu, fermerə təsərrüfatını genişləndirmək imkanı yaradır. Həmçinin də gübrələr, bitki toxumları bitkiçilik, bostançılıqla məşğul olanların imkanlarını artırır.
Bir sıra malların gömrük rüsumundan azad edilməsi qiymət siyasətinə necə təsir edəcək məsələsinə gəlincə, hesab edirəm ki, bu qərar qiymət artımının qarşısını almaq üçün yox, qiymətlərin stabil qalması üçündür. Yəni heç olmasa, bundan sonra qiymətlər bahalaşmasın. Ümumiyyətlə, qiymətlərə dövlət nəzarəti formalaşmalıdır.