backend

Qarabağ əlilləri və şəhid ailələri aksiyaya hazırlaşır, imza toplanır

Qarabağ əlilləri və şəhid ailələri aksiyaya hazırlaşır, imza toplanır

















Qarabağ əlilləri və şəhid ailələri onlara çatacaq pulun ödənilməməsinə etiraz olaraq yenidən aksiyalara başlayacaqlar. Əlillər aksiyaya hazırlıq məqsədilə artıq imza toplamağa da başlayıb. Artıq 200 nəfərədək əlil və şəhid ailəsindən imza alınıb


qaynarxett.az xəbər verir ki, bu barədə virtualaz.org saytına “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri, I qrup Qarabağ əlili Firidun Məmmədov məlumat verib.

F.Məmmədovun sözlərinə görə, şəhid ailələrinə və Qarabağ əlillərinə göstərilən biganə münasibətdən narazı olanlar arasında vətəndaşlıqdan imtina etmək istəyənlər də var: “Qarabağ əlilləri və şəhid ailələri illərdir sığorta pulunu ala bilmirlər. Bu isə ciddi narazılığa səbəb olub. Oğlunu, həyat yoldaşını itirən ailəyə cəmi 11 min manat sığorta pulu ödənilməlidir. Amma bu vəsaiti də vermək istəmirlər”.

Qeyd edək ki, söhbət 13500 şəhid ailəsindən, 11 min əlildən gedir. Onlar 1994-cü ildən bu yana onlara verilməli olan sığorta pulunu ala bilmir.

F.Məmmədov deyir ki, ötən il keçirilən etiraz aksiyalarından sonra vəsaitin ödəniləcəyinə söz verildi: “Dedilər ki, həm şəhid ailələri, həm də Qarabağ əlilləri sığorta pulu alacaqlar. Amma bu vəd yerinə yetirilmədi. Şəhid ailələri 11 min manat, I qrup Qarabağ əlilləri 8800 manat, II qrup Qarabağ əlilləri 6600 manat, III qrup əlillər isə 4400 manat almalıdırlar. Biz əlillərlə görüşlər keçiririk. Onları vətəndaşlıqdan imtina etmək fikrindən daşındırmağa çalışırıq. Amma ödəniləcək vəsait cüzi də olsa dolanmaq üçün kömək ola bilər. Qarabağ əlillərinin arasında müalicəyə ehtiyacı olanlar çoxdur. Əlillərin işlə təminatında da problemlər var. 8 və ya 6 min manat vəsait Qarabağ əlilinin müharibədə itirdiyi ayağını və ya əlini əvəz etmir. Lakin əlillərə bu qədər biganəlik də insanları narazı salır”.

Xatırladaq ki, 90-cı illərin əvvəllərində hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələrdə hərbi xidmətə başladığı andan dövlət tərəfindən məcburi şəxsi sığortalanıb. Müdafiə Nazirliyi də bunun müqabilində “Azərsığorta” Dövlət Sığorta Şirkətinin hesabına pul köçürüb.

Konstitusiya Məhkəməsi 2014-cü il, yanvarın 28-də hərbi qulluqçulara şamil olunan icbari sığorta pulunun ödənilməsinə dair qətnamə də çıxarıb. Həmin sənədə əsasən Milli Məclis bununla bağlı müvafiq qərar verməli idi. Qarabağ əlilləri və şəhid ailələri isə həmin vəsait onlara ödənilənədək aksiyalar keçirməkdə israrlıdır.

Onu da qeyd edək ki, 2000 şəhid ailəsi və Qarabağ əlilinə sığorta ödənməsinə dair məhkəmə qərarları var.

Ülviyyə Xuduzadə