backend

Təhsildəki kütləvi repititorluq… – Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün bir çox məktəblərin 10-11-ci siniflərində normal tədris prosesi pozulub, sistematik dərslər keçirilmir. Bu siniflərin əksər şagirdləri repetitor yanına gedirlər. Az sayda şagird tapmaq olar ki, onlar repetitor yanına və ya kurslara getmirlər. Bunun da əsas səbəbi ailələrinin maddi durumunun çətin olmasıdır. Maraqlı tərəfi budur ki, dərs keçilməyən məktəblərdə də şagirdlərin dərsə gündəlik gəlməsi tələb olunur. Əks halda “qayıb” yazırlar, sonra da qayıbın “silinməsi ” asan başa gəlmir.

Dərs keçilməyən məktəbə uşaq niyə getməlidir?


Dərs proqramı bitibsə, nazirlik bu məsələ ilə bağlı niyə bir addım atmır?


Niyə uşaqların ömrünün 2 ili boş yerə məktəbə ayaq döyməklə keçməlidir?


Məlumdur ki, ali təhsil müəssisələrinə qəbul ancaq 11-ci sinifi bitirib, attestat aldıqdan sonra mümkündür. Ya da gərək övladını 9-cu sinifi bitirdikdən sonra hansısa peşə liseyinə yazdırıb, (bəlkə peşə öyrədərlər ümidi ilə) iki il sonra ali məktəbə daxil olmasını gözləyəsən.

Təhsil məsələləri üzrə ekspert İlham Əhmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 10-11-ci siniflərdə əksər şagirdlər məktəbə gəlmir, təlim repetitor yanında davam edir. Bu, təhsil sistemi üçün ciddi problemdir. Bu proses hamının gözü qarşısında olur, hamının övladı bu vəziyyətlə qarşılaşır və bu mərhələdən keçir. Elm və təhsil nazirliyi 30 ildir ki, bu məsələyə göz yumur. Bu məsələlərə biganələyi ilə repetitorluğu dəstəkləyir.
Ekspert hesab edir ki, Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında sanki hansısa bir razılaşma var. Dövlət İmtahan Mərkəzi bir çox hallarda qəbul imtahanlarına məktəb proqramında olmayan suallar daxil edir, uşaqlar dərslikdə onun cavabını tapa bilmirlər və repititor yanına getməyə məcbur olurlar. Bunun sayəsində 30 il ərzində repetitorluq daim inkişaf edib. Repetitorluğun inkişafı çoxlarının, o cümlədən məmurların maraqlarına uyğundur. Ona görə də onun qarşısı alınmır. Hətta nazir deyir ki, repetitorluğun ləğvi gündəlikdə yoxdur, başqa ölkələrdə də repetitorluq var. Amma niyə demir ki, heç bir ölkədə bizdəki kimi kütləvi deyil.
Görəsən, Elm və Təhsil Nazirliyi niyə Dövlət İmtahan Mərkəzinin imtahan suallarının bəzilərinin proqramdan kənar olması ilə əlaqəli şagirdlərin hüquqlarını qorumur? Nazirlik niyə Dövlət İmtahan Mərkəzini məhkəməyə verib, sualların proqrama uyğun olmadığını sübut etmir? Bu məsələni birdəfəlik həll etmir? Amma bu il belə problemli vəziyyət müşahidə edilmədi. Nə əcəb?
Görünür universitetlərə qəbul planlarının artması nəticəsində keçid balının ilbəil enməsi və bunun ictimai qınağa səbəb olması Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında əvvəlki “razılaşma”nın müvəqqəti saxlanılmasına səbəb olub, bu səbəbdən bu il xeyli şagird 300 bal toplaya bilib.
Repetitorluğun geniş yayılması məktəbdə təlim-tədris prosesinin fasiləsizliyini pozur, təhsilin keyfiyyətinə ziyan vurur və ailələrin böyük maddi itkisinə səbəb olur. Orta statistik ailə hər övladina görə repetitorlara ayda ortalama 500 manat pul verməli olur. Bu da 2-3 ildə 10-15 min manat deməkdir. Nə qədər ki, ölkədə kütləvi repititorluq var, keyfiyyətli təhsildən danışmaq mümkün olmayacaq, çünki keyfiyyətli təhsil tədris prosesi normal qurulmuş məktəblərdə mümkündür. -deyə İlham Əhmədov əlavə edib.
İlham Əhmədov qeyd edib ki, təhsil sistemindəki kütləvi repititorluq qanunsuzluqlara yol açır və kölgə təhsilinə rəvac verir. Məktəbdə dərs keçirilmir, dərs keçməyən müəllimə maaş necə verilir? Məktəb otaqları niyə repetitorlara icarəyə verilir? Digər tərəfdən repetitor yanına getməyən imkansız şagird niyə dərs keçilməyən məktəbə hər gün gəlməlidir? Sinifdə 3-4 şagird olur, onlar da 1 saat məktəbdə olub, dərs keçilmədiyi səbəbi ilə evə qayıdırlar. Şagird məktəbə gəlməsə ona niyə qayıb yazırlar? Nazirlik bu məsələlərlə məşğul olmalıdır.
Repetitorluqda hər il iri həcmdə pullar dövr edir. Bu da çoxlarının – bir çox məmurların, məktəb direktorlarının, müəllimlərin və s. marağındadır. Repititorluq artıq biznesə çevrilib. Müəllimlər bir çox hallarda məktəbdə rəsmi dərsini demirlər, enerjilərini repetitor dərslərinə saxlayırlar. Repetitorluğun kütləviliyi təhsildəki bir çox problemlərin əsas səbəbidir. Nazirlik bu ciddi problemləri həll etmək yerinə təhsilin keyfiyyətinə az aidiyyatı olan məsələlərlə məşğuldur.
İlham Əhmədov bildirib ki, dünya təhsil sistemində yaxşı təcrübələr var və məktəb təhsilini indiki böhrandan çıxarmaq üçün bu təcrübələrdən peşəkarlıqla faydalanmaq lazımdır: “Təhsildə ciddi dönüş yaradılmalıdır. Məktəb təhsili düzəlməsə, ali təhsilimiz də zəif olacaq. Amma biz vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün hər hansı ciddi qərarlar və addımlar görmürük. Çox vaxt bəyanatlarla əməllər arasında ciddi fərqlər müşahidə edilir. Bunu da hamı görür, başa düşür. Belə də təhsil islahatı olar?”