backend

Azərbaycan məmurunun gəliri niyə açıqlanmır? - Avropada vəzifəli şəxslərinin gəlirləri gizlədilən yeganə ölkəyik

Azərbaycan məmurunun gəliri niyə açıqlanmır? - Avropada vəzifəli şəxslərinin gəlirləri gizlədilən yeganə ölkəyik



















Azərbaycanda vəzifəli şəxslər öz gəlirləri barədə ictimaiyyətə açıqlama vermir. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda məmurların özlərinin və ailə üzvlərinin gəlirlərinin bəyan edilməsi ilə bağlı öhdəlik qoyulsa da, indiyədək nəticəsi yoxdur

Dünya ölkələrinin əksəriyyətində dövlət məmurları öz gəlirlərini ictimaiyyətlə bölüşməkdən çəkinməsə də, Azərbaycanın vəzifəli şəxsləri hansı səbəbdən bunu etmir?

qaynarxett.az-nun məlumatına görə, Modern.az saytı bu sualla Milli Məclisin İqtsiadi siyasət komitəsinin üzvü Əli Mənsimliyə müraciət edib.

Deputatın sözlərinə görə, dövlət-hakimiyyət orqanlarında çalışanların və deputatların gəlirlərini açıqlamaqdan ötrü bu sahədəki normativ-hüquqi aktlar işə salınmalıdır.

Ə.Məsimli qeyd edib ki, yalnız bu sahədə deyil, bir çox sahələrdə təkmilləşməyə ehtiyac var: “Təkcə bu məsələ olsaydı, açıqlamanı davam etdirməyə dəyərdi. Hamıya məlumdur ki, neçə illərdir tibbi sığorta qanunu da tətbiq edilmir. Xeyli məsələ sadalamaq olar. Düşünürəm ki, gec-tez bu qanun da tətbiq ediləcək”.

İqtisadçı-alim Vüqar Bayramov Modern.az-a bildirib ki, məmurların gəlir deklorasiyası ilə bağlı qanuna əməl olunmur: “Ölkəmizdə ümumən vətəndaşların gəlir vergisilə bağlı qanunvericilik aktı yoxdur, amma məmurların gəlir deklorasiyası ilə bağlı ayrıca qanunvericilik aktı var. Təəssüf ki, buna riayət olunmur”.

O qeyd edib ki, Azərbaycan Avropada yeganə ölkədir ki, vəzifəli şəxslər gəlir bəyannaməsi təqdim etmir: “2012-ci ilin yayında ölkə prezidentinin vəzifəli şəxslərin gəlir elektron vergisi bəyannaməsi ilə bağlı xüsusi fərmanı və göstərişi olub.

Güman olunurdu ki, bu ildən ölkəmizdə gəlir bəyannaməsi tətbiq olunacaq, amma təəssüf ki, məsələ yubanır. İqtisadi baxımdan bəyannamənin gecikdirilməsini izah etmək çətindir. Sadəcə, deyə bilərəm ki, bu bəyannaməyə ehtiyac var, çünki şəffaflığın bir elementidir. Vəzifəli şəxslərin gəlir bəyannaməsini təqdim etməsi digər vətəndaşlar üçün də bir nümunə ola bilər və bütövlükdə bütün ölkədə bu sistemin tətbiq edilməsinə gətirib çıxara bilər”.

İqtisadçı hesab edir ki, Azərbaycan qısa zamanda bəyannamənin tətbiqinə çalışmalıdır: “Vəzifəli şəxslərin gəlir bəyannaməsi haqqında qanun var, amma təəssüf ki, icra edilmir. Əgər qanun varsa, riayət olunmalıdır. Çünki bu istiqamətdə də nəzarətin gücləndirilməsinə ehtiyac var. Olduqca vacibdir ki, məmurlar öz gəlirlərini bəyan etsinlər”.

Ekspert Azərbaycanda hansısa nazirin birbaşa özünün bizneslə məşğul olmasına inanmır: “Amma onların bir qisminin idarə etdiyi biznes var. Əslində dünyanın heç bir yerində nazirlər, məmurlar gəlir bəyannaməsini açıqlamaqda maraqlı deyillər. Onlar bunu ictimaiyyətə açıqlamaq istəməsələr belə, qanun tələb etdiyindən qaydalara əməl edirlər.

Düşünürəm ki, gəlirin məbləğindən asılı olmayaraq bəyan edilməlidir. Bütün diqqət ilk növbədə qanunun icrasına yönəldilməlidir. Qanunun icra edilməsinə ehtiyac var, bütün biznesi olan və olmayan nazirlər də gəlirlərini bəyan etməlidirlər”.