backend

Şamaxı Humanitar Kolleci anarxiya məngənəsində

Şamaxı Humanitar Kolleci anarxiya məngənəsində


















Drektor Rauf Əliyevin qanuna sığmayan əməlləri igrah doğurur

Müxtəlif xoşagəlməz işlərin cərəyan etdiyi təhsil müəssisələrindən biri də Şamaxı Humanitar Kollecidir. Qeyd edək ki, kollecin əvvəlki adı Şamaxı Mədəni-Maarif Texnikumu olub. 2010-cu ildən isə hazırkı adı ilə fəaliyyətini davam etdirməyə başlayıb.

Şamaxı Humanitar Kollecində fiziki tərbiyə müəllimliyi, informatika müəllimliyi, təsviri incəsənət müəllimliyi, ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, hüquq-mühafizə fəaliyyəti, kitabxana-informasiya təminatı, instrumental ifaçılıq, xanəndəlik, musiqi nəzəriyyəsi, xalq çalğı alətləri ifaçılığı, turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi ixtisasları tədris olunur. qaynarxett.az-nun elektron poçtuna daxil olan məlumatda bildirilir ki, direktor Rauf Əliyevin qanuna sığmayan əməllərinin nəticəsində Şamaxı Humanitar Kollecində təhsilin keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı düşüb. Son vaxtlar kolleclə bağlı mətbuatda gedən tənqidi yazıların səbəbkarı məhz Rauf Əliyevdir: "Şamaxı Humanitar Kollecində təhsilin və nizam-intizamın səviyyəsi olduqca aşağıdır. Tələbələrin dərsə normal münasibət göstərməməsi direktorun, o cümlədən onun tapşırığını yerinə yetirən bəzi müəllimlərin qanunsuz hərəkətləri ilə bağlıdır. Çünki tələbələr görür ki, kollecdə savada, biliyə yox, başqa ünsürlərə qiymət verilir. Buna görə də tədris prosesindən yayınırlar. Semestrin sonunda isə gətirib müəllimlərə nəysə verib imtahandan keçirlər. Tələbələrin dərsə davamiyyəti də çox pisdir. Təhsil ocağında mövcud olan əsas problemlərdən biri müəllimlərin işə qəbulu ilə bağlıdır. Belə ki, direktora yaxın olan şəxslər öz yaxın adamlarını qeyri-qanuni şəkildə kollecdə işə düzəldirlər. Buna misal olaraq kollecdə bədən tərbiyəsi müəlliməsi işləyən Leyla Abdullayevanı göstərə bilərəm. Məndə olan məlumata görə, İlkin Əzizov adlı şəxs orta məktəbin XI sinfini bitirəndən sonra hərbi xidmətə yollanıb və hərbi xidmətdən qayıtdıqdan sonra ali məktəbə qəbul olmaq üçün sənəd verib. Lakin qəbul imtahanında yüksək nəticə əldə edə bilməyib. O universitetə qəbul ola bilməsə də, anası Leyla Abdullayevanın vasitəsilə işlə təmin olunub. Belə ki, Leyla Abdullayeva oğlunu qeyri-qanuni yolla kollecə işə qəbul etdirib. Hələ bu azmış kimi, sonradan İlkin Əzizov kollecin "tələbəsi"nə çevrilib və diplom alıb. Bundan sonra isə anasının köməyi ilə 2 saylı Şamaxı şəhər orta məktəbində dərs deməyə başlayıb. İlkin Əzizovun aldığı diplom qeyri-qanunidir. Sadə yoxlama tədbirləri aparılsa, bu qanunsuzluğun üstünü açmaq olar". Mənbə həmçinin vurğulayır ki, direktor Rauf Əliyevin imza atdığı özbaşınalıqlar tələbələr arasında narazılığın pik həddə çatmasına səbəb olub: "Kollecin direktoru qeyri-ixtisas fənlərinə görə müəllimlərin dərs keçdiyi saatların pulunu onlara verməkdən imtina edir. Direktor həmin dərs saatlarını kollecdə çalışan 3-5 nəfər tanışının adına yazdırır, sonra isə həmin vəsaitlərdən öz maraqları naminə istifadə edir. Halbuki həmin dərs saatlarını digər müəllimlər keçirlər. Lakin əvəzində əməkhaqlarını ala bilmirlər. Bununla bağlı nə qədər təkid etsələr də, kollecin direktoru müəllimlərin halal pulunu onlara verməkdən imtina edir. Rauf müəllim kollecdə baş verən hadisələrə laqeyd münasibət bəsləyir. Burda təhsil alan tələbələrin dərsə davamiyyəti, eləcə də maliyyə xərcləri və dərs saatlarının bölüşdürülməsilə bağlı bir sıra maxinasiyalara imza atılır. Təəssüf ki, Təhsil Nazirliyinin səlahiyyətli şəxsləri Şamaxı Humanitar Kollecində hökm sürən problemlərlə maraqlanmırlar".
İndi söz təhsil naziri Mikayıl Cabbarovun və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevindir. Onlardan xahiş edirik ki, Şamaxı Humanitar Kollecində təcili yoxlamaların aparılması barədə aidiyyəti üzrə tapşırıq versinlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.