backend

Şamaxı “Sobez”ində “köhnə hamam, köhnə tas” - Yenilənib

Şamaxı “Sobez”ində “köhnə hamam, köhnə tas” - Yenilənib













Nazir Səlim Müslümovun tələbə yoldaşı olduğunu bildirən mərkəz rəhbəri rayonda “at” oynadır

Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri postuna təyin ediləndən indiyə kimi bir sıra islahatlara imza atıb. Nazirin imzaladığı əmrlə əmək və əhalinin sosial müdafiəsi mərkəzlərinin bir neçəsinin direktoru tutduğu vəzifədən kənarlaşdırılıb. Yadınızdadırsa, Səlim Müslümov ötən ilin əvvəllərində Şamaxı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) direktoru Həsən Qocayevi də vəzifədən çıxarmışdı.
O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəhbərliyinin tapşırıqlarını qulaqardına vuraraq vətəndaşlara əlavə problemlər yaratdığına görə işdən azad edilmişdi. Rayon sakinləri Həsən Qocayevin gedişindən sonra Şamaxı “Sobez”ində vəziyyətin düzələcəyinə, köhnə problemlərin tez bir zamanda həll ediləcəyinə ümid bəsləsələr də, gözlədiklərinin tam əksi olub. Şamaxıdakı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, ünvanlı sosial yardımın verilməsi zamanı mövcud olan köhnə problemlər hələ aktuallığını qoruyub saxlayır. Mənbənin sözlərinə görə, bu vəzifədə Həsən Qocayevi əvəz edən Tərlan Xəlilov Səlim Müslümovun və yerli əhalinin ümidlərini doğrulda bilməyib: “Təzə direktora ümidlərimiz böyük idi. Gözləyirdik ki, o keçmiş rəhbərliyin dövründəki nöqsanları aradan qaldıracaq və vəzifəsinə uyğun iş görəcək. Amma Tərlan müəllim Həsən Qocayevin əməllərini təkrarlamaqla məşğuldur. Hazırda rayonda aztəminatlı ailələrin sosial durumu olduqca acınacaqlı vəziyyətdədir. Ünvanlı sosial yardım almaq üçün mərkəzə müraciət edən vətəndaşların bir hissəsi əsassız yerə incidilir. Mərkəzin əməkdaşları, əsasən də direktor yardım almaq hüququna malik olan ailələrə süni problemlər yaradır. “Ünvanlı sosial yardım haqqında” Qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Şamaxıda bu kateqoriyadan olan ailələrin sayı kifayət qədərdir. Buna baxmayaraq, onların müəyyən hissəsi dövlətin ayırdığı sosial müavinətləri ala bilmirlər. Direktor sənədlərdəki çatışmazlığı bəhanə gətirərək vətəndaşları get-gələ salır. Mərkəzdə baş alıb gedən qanunsuzluq rayonda yoxsulluğun səviyyəsinin yüksəlməsinə səbəb olub. Tərlan Xəlilov vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. Nazir dəfələrlə mərkəz direktorlarına, habelə bu sahədə çalışan digər məmurlara tapşırıb ki, vətəndaşları incitməsinlər və onların dövlətdən aldığı yardımlara şərik çıxmasınlar. Şamaxı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru və işçiləri isə nazirin tapşırıqlarına əhəmiyyət vermir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yetkili şəxsləri mərkəzdə yoxlama aparsalar görərlər ki, siyahıda adı olan insanların müəyyən hissəsinin dolanışığı yüksək səviyyədədir. Belə insanların sosial yardım almasına mərkəz direktoru yardımçı olub. Direktor qeyri-qanuni yollarla imkanlı şəxslərə sosial yardım düzəldir və onun bir neçə ayını özünə götürür. Ümumiyyətlə, mərkəzdə “yarı sənin, yarı mənim” prinsipi hələ də qüvvədədir. Həsən Qocayevin dövründə əsası qoyulan “ənənə” bu gün daha qabarıq formada nəzərə çarpır. Sakinlər mərkəz direktorunun qanunsuz hərəkətləri barədə dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə müraciət ediblər. Hələ ki, direktorun barəsində heç bir zəruri ölçü götürülməyib. Elə buna görədir ki, kasıb vətəndaşlar süründürməçilik halları ilə üzləşir. Yaxşı olardı ki, Səlim Müslümov səviyyəsində Şamaxı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində yaşanan problemlərə və qanunsuzluqlara münasibət bildirilsin. İnanırıq ki, nazir Tərlan Xəlilovu cəzalandırsa, mərkəzdə vəziyyət normal hala düşə bilər”. Apardığımız qısa araşdırmalardan sonra öyrəndik ki, şamaxılılara əlavə problemlər yaradan məmur deputatlardan birinin bacısı oğludur. Qeyd edək ki, adıçəkilən məmur rayonda özünü nazir Səlim Müslümovun tələbə yoldaşı kimi təqdim edir.

qaynarxett.az olaraq Şamaxı rayon Sosial Müdafiə Mərkəzində baş verən belə neqativ, cinayət xarakterli qanunsuzluqlar barədə geniş araşdırmalarımız olacaq.

P.S. Qeyd olunan ittihamlara qarşı rayon ƏƏSMM-nin rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.