backend

Qazaxda ana ölümləri təhdidi təhlükəli həddə çatıb...

Qazaxda ana ölümləri təhdidi təhlükəli həddə çatıb...















Redaksiyamıza yeni daxil olan məlumatlarda Qazax rayonu Doğum Evinin baş həkimi Aynur Namazlının fəaliyyətinə dair ciddi iradlar irəli sürülür

Bu xüsusda aldığımız məlumatlarda mənbələr Qazax rayon səhiyyəsinin ən zəif nöqtəsinin də məhz Doğum Evinin olduğunu təsdiq edirlər. Məlumatlarda vurğulanır ki, müəssisənin baş həkimi burada doğuşların qəbulunda əsil monopoliya yaradıb. Təqdim olunan ərizələrdə şikayətçilər bildirirlər ki, Qazax rayonu Doğum Evinin baş həkimi bu müəssisədə dünyaya uşaq gətirmək istəyən hər anadan pul almaqla yanaşı, tibbi xidmət göstərilən xəstələrin sayından asılı olmayaraq müəssisənin hər bir işçisindən də aylıq haqq tələb edir. Cərrahi əməliyyatlar və digər müalicəvi prosedurların isə ayrıca qiyməti var. Belə ki, şöbədə qeysər üsulu ilə əməliyyat olunmaq üçün təkcə Aynur xanıma 700 manat pul verilməlidir. Bundan başqa, yenicə doğmuş qadının xəstəxanada ən azı 3 gün qalması tələb olunur ki, bunun da müqabilində ödəniləcək məbləğ təxminən 200-300 manat civarında müəyyənləşdirilib. Doğum evində işləyən tibb bacıları, baxıcılar və digər işçilərə də bu müddət ərzində 100 manata qədər pul xərclənir ki, nəticədə hər doğuş 1000 manata qədər başa gəlir. Qeyd etmək lazımdır ki, Qazax rayonu Doğum Evinin fəaliyyətindəki neqativ hallara dair məlumatlar redaksiyamıza yeni təqdim olunsalar da, ölkə mətbuatında bu tibb müəssisəsində yer almış bir çox qanun pozuntularını və bu səbəbdən yaranan çox ciddi fəsadları əks etdirən tənqidi materiallar kifayət qədərdir. O cümlədən məlumatlarda son vaxtlar Qazax rayonu Doğum Evində ana ölümlərinin çoxalması və anaların doğuş zamanı müxtəlif xəstəliklərə yoluxması hallarına tez-tez rast olunduğu da xüsusi vurğulanır. Bu kimi hallar isə məlumdur ki, məhz həkimlərin məsuliyyətsizliyi üzündən baş verir. Aldığımız məktublardan birində, bir müdət əvvəl Qazax rayonu Doğum Evində uşaq dünyaya gətirmiş ana yazır: “Buradakı həkimlərin çoxu xəstəyə müştəri kimi baxırlar. Doğum evinə girən dəqiqədən çıxana kimi, qapıçı da daxil olmaqla, pul güdürlər. Doğum evində palata ödənişi, yuyunmaq, qadın həkimi, uşaq həkimi, uşağı bələmək, analizlərə pul tələb edirlər. Görəsən Səhiyyə Nazirliyinin bundan xəbəri yoxdur?” Lakin bütün bu ödəniş və haqqvermələr müqbilində belə, Qazax rayonu Doğum Evi ölkə üzrə burada göstərilən tibbi xidmətlərin səviyyəsinə görə kifayət qədər aşağı qiymətləndirməyə malikdir. Təsadüfi deyildir ki, son bir neçə ildə məhz Qazax rayonu Doğum Evi burada baş vermiş ölüm halları və digər xoşagəlməz insidentlərlə dəfələrlə ölkə mətbuatının gündəminə gəlmişdir.Qeyd etmək yerinə düşər ki, bu gün respublikada fəaliyyət göstərən əksər doğum evlərində mövcud vəziyyət ictimaiyyət tərəfindən heç də razılıqla qarşılanmır. Buna əsas səbəb isə həmin müəssisələrdə sürəkli rüşvət yığımlarının həyata keçirilməsi, bəzi hallarda isə həm də xəstələrdən alınan pulun müqabilində göstərilən tibbi xidmətlərin də aşağı səviyyədə olmasıdır. Mövzuya dair dərc etdiyimiz ötən yazılarda da biz qeyd etmişik ki, bu gün ölkənin səhiyyə sistemində vəziyyət ümumiyyətlə ürək açan deyildir. Hətta son illər ərzində sürətlə sayı artan yeni istifadəyə verilmiş, ən müasir tələblərə cavab verən çox saylı klinika və tibb mərkəzləri belə bu sahədə ümumi mənzərəni hələ ki, dəyişə bilmirlər. Redaksiyamıza daxil olan məlumatlarda isə mənbələr Qazax rayon səhiyyə sisteminin də çoxsaylı nöqsanlardan xali olmadığını vurğulayırlar. Bununla belə açıqlamalarda vurğulanır ki, burada fəaliyyət göstərən Doğum Evinin vəziyyəti hətta digər yerli tibb müəssisələri ilə müqayisədə belə xeyli acınacaqlı durumdadır.

qaynarxett.az