backend

İmişli rayonunun Qızılkənd sakinləri dünən - Bilik günündə kənd orta məktəbinin qarşısında aksiya keçiriblər, valideynlər övladlarını məktəbə getməyə qoymayıblar

İmişli rayonunun Qızılkənd sakinləri dünən - Bilik günündə kənd orta məktəbinin qarşısında aksiya keçiriblər, valideynlər övladlarını məktəbə getməyə qoymayıblar

Polis valideynlərin aksiyasını dağıtdı, etirazçılar isə şərt qoydu














Buna səbəb isə məktəbin bərbad gündə olması olub. Sakinlər təzə məktəbin tikilib istifadəyə verilməsini tələb edirlər, əks halda uşaqlarını bu bərbad məktəbə buraxmayacağını deyirlər.

Qızılkənd sakinləri virtualaz.org saytına açıqlamalarında aksiyanı bu gün də davam etdirdiklərini deyiblər. Onlar hazırda kənd sakinlərinin məktəbin qarşısına toplaşdıqlarını, icra başçısının gələcəyini gözlədiklərini bildiriblər.

Məlumata görə, bəzi məktəb müəllimləri də həmin binada dərs deməkdən imtina ediblər.

Kənd sakinlərinin dediyinə görə, tavanı, hətta pəncərəsi, şüşəsi də olmayan bu uçuq-sökük binada məktəblilər xəstəlik tapırlar. Məktəbin hətta tualeti də yoxdur.

Məktəb 1974-cü ildə istifadəyə verilib, 600 nəfər şagirdin təhsil alması üçün nəzərdə tutulub. Hazırda kəndin 6000 əhalisi var.

Rəsmi qurumların mövqeyini öyrənib dərc etməyə çalışacağıq.

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qızılkənd kənd orta məktəbinin qarşısına yığışan valideynlərin aksiyasını artıq dağıdıb.

Qızılkənd sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, aksiyaçılar artıq oradan uzaqlaşdırıblar: “Bizə çəkiliş aparmağa da icazə vermədilər. İcazəsiz çəkiliş aparanların həbs olunacağını bildirdilər və kənd sakinlərini məktəbin qarşısından uzaqlaşdırdılar”.

Kənd sakinlərinin sözlərinə görə, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri etirazçı valideynlərə yaxınlarda yeni məktəbin tikintisinə başlanılacağına dair vəd veriblər: “Hamımız yığılıb icra başçısının gəlməyini gözləyirdik, icra başçısı özü gəlmədi. İcra hakimiyyətinin iki nümayəndəsi gəldi. Onlar da sakinlərə yaxın günlərdə yeni məktəb binasının tikiləcəyini vəd etdilər. Valideynlər isə yeni məktəbin təməli qoyulmayınca uşaqları məktəbə buraxmayacaqlarını dedilər”.

Qeyd edək ki, 1974-cü ildə inşa edilən Qızılkənd kənd orta məktəbi şəhid Habil Hüseynovun adını daşıyır.