backend

Xoşagəlməz hadisələrdə adı çəkilən məmur yaxın günlərdə vəzifəsindən xaric edilə bilər

Xoşagəlməz hadisələrdə adı çəkilən məmur yaxın günlərdə vəzifəsindən xaric edilə bilər






















Sabunçunun "qələmi qırılan" icra başçısını böyük çətinliklər gözləyir

Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin adı qalmaqallı hadisələrdən əskilmək bilmir. Son günlər vəkil Aslan İsmayılov icra başçısının ünvanına sərt tənqidlər səsləndirməkdədir. Belə ki, o, özünün "facebook" hesabında Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının adamlarının hücumuna məruz qaldığını bildirib. "Hər şey Abbas Quliyev adlı şəxsin Dövlət Reyestrindən çıxarışı əsasında Kürdəxanı qəsəbəsində 24 sot torpaq sahəsi ətrafında hasar çəkməyə cəhd göstərməsindən başlayıb.

Abbas Quliyev torpaq sahəsi başqaları tərəfindən zəbt olunmasın deyə (icra hakimiyyətinin rəsmiləri tərəfindən torpaqların heç bir əsas olmadan başqalarına satılması hallarına görə) 1 metr hündürlüyündə hasar çəkmək istəyir. O, ustaların köməyi ilə hasar tikərkən Sabunçu Rayon İcra Hakimiyyətinin Həbib adlı nümayəndəsi gəlib işi dayandırır, özünü isə icra hakimiyyətinə dəvət edir. RİH-də isə açıq-aşkar alver başlayır. Həbib bildirir ki, hasarın tikilməsi üçün hər sota görə 3000 manat verilməlidir. Abbas Quliyev narazılığını bildirdikdə isə Həbib 2500 manatla razılaşır. Bütün söhbətlər də Sabunçunun icra başçısı Adil Vəliyevin adından aparılır. Abbas Quliyev bildirir ki, torpağı elə özü 2500 manata onlara satmağa hazırdır. Söhbət qısa olur: ya pul verəcəksən, ya da hasar olmayacaq və torpaq əlindən alınacaq. Mənə bu barədə müraciət olandan sonra icra başçısı Adil Vəliyevlə danışdım. Bilirdim ki, Vəliyev əvvəllər "Porsche" mağazası işlədib, ancaq icra hakimiyyəti ilə mağazanı dəyişik saldığını söhbətdən sonra bildim. Birinci danışıqda mənə bildirildi ki, sənədlər artıq məhkəməyə göndərilib. Bütün məhkəmələri axtarıb işin məhkəmədə olmadığına əmin olandan sonra yenidən Adil Vəliyevlə əlaqə saxlayıb ona bildirdim ki, sənədlər məhkəmədə yoxdur, işçiləri qanunsuzluq edirlər. İcra başçısı isə kobud şəkildə dedi ki, heç bir hasar tikintisinə icazə verməyəcək, çünki sənədlər qanunsuzdur. Mən sənədlərin Azərbaycan dövlətinin adından Dövlət Reyestr Xidməti tərəfindən verildiyini xatırladanda isə başçı bildirdi ki, hamı bilir ki, rüşvət alıb veriblər. Adil Vəliyevə dedim ki, heç kimdən rüşvət alınmayıb. Hasarın çəkilməsi üçün isə Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində deyildiyi kimi, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə heç bir icazə tələb olunmur. Amma icra hakimiyyətinin nümayəndələri torpağın hər sotuna görə 2500 manat rüşvət istəyirlər. Mən bunu söyləyəndə icra başçısı da kobud şəkildə "yaxşı edirlər" dedi. Bu il sentyabrın 14-də artıq mənim iştirakımla hasar tikintisi yenidən aparılarkən özlərini icra hakimiyyətinin nümayəndələri kimi təqdim edən və idmançı formasında olan 4 nəfər "Niva" markalı maşında, eyni görkəmli Rafael adlı şəxs (Sabunçu RİH-in rəsmi saytında onun RİH hüquq şöbəsinin hüquqşünası kimi çalışdığı bildirilir, soyadı da Abdullayevdir) isə 10 SD 300 nömrəli, "Mercedes G Class" avtomobilində gəlib işləri yenidən dayandırdılar. Mən şikayət edəcəyimi bildirdikdə isə onlar "hara istəyirsən yaz" deyib məni davaya çəkməyə başladılar. Onların dava salmaq istədiklərini görüb əvvəldən hazırladığım sənədləri, reyestrdən çıxarışı, qanunlardan qeydləri, Adil Vəliyevin özünə və yaxınlarına məxsus olan və dəyəri milyonlarla ölçülən maşınların şəkillərini və haqqında mətbuatda getmiş şikayətlərin surətlərini ona təqdim edib, dərhal oranı tərk etdim", deyə Aslan İsmayılov bildirib.

Bu məsələ böyüdükdən, yəni ictimailəşdikdən sonra Milli Məclisin üzvü, BAXCP sədri Qüdrət Həsənquliyev də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevi sərt tənqid edib. "Təəssüf ki, bizdə bir çox hallarda kadrların irəli çəkilməsində onun intellektual səviyyəsi, idarəetmə bacarığı, getdiyi yol, tərcümeyi - halı rol oynamır, hansısa yüksək vəzifəli şəxslə qohumluğu həlledici əhəmiyyət daşıyır. Halbuki həmin şəxsin öz şəxsi keyfiyyətlərinə görə tuta biləcəyi maksimum vəzifə elə mağaza müdirindən o tərəf deyil. Belələri də icra başçısı kürsüsünə oturar-oturmaz sözsüz ki, öz səviyyəsinə, dünyagörüşünə uyğun olaraq bazar təfəkkürü ilə məsələlərə yanaşır. Mən özüm dəfələrlə müxtəlif tədbirlərdə və məclislərdə onun haqqında kifayət qədər neqativ fikirlər söyləmişəm. Onun iş adamlarını necə incitməsi və onlara qarşı qanunsuz tələblər irəli sürməsi haqqında məndə də kifayət qədər fakt var. Onun qanunsuz hərəkətləriylə bağlı bu yaxınlarda bir sahibkar şəxsən mənə şikayət etmişdi və həmin sahibkar üzləşdiyi davranışa görə az qala infarkt keçirəcəkdi". Vəkil Aslan İsmayılov bütün bunlardan sonra özünün "facebook" səhifəsində Adil Vəliyevlə bağlı digər məqamlara da aydınlıq gətirdi: "Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Mədəniyyət küçəsində çoxlu sayda sakinlərin, uşaqların istirahət etdiyi park olub. Adil Vəliyev rayona icra başçısı təyin olunan kimi həmin parkı Heydər Əliyev Fondunun tapşırığı əsasında abadlaşdırmaq adı ilə hasara aldırıb. Orada gedən "tikinti-abadlıq" işlərinə isə mənə "xox" gəlib hücum edən, 300 manatlıq maaşla 200 minlik "Mercedes" sürən, əvvəllər haqqında bəhs etdiyim şəxs, yəni bağçanın açılışında da iştirak etmiş Rafael adlı şəxs rəhbərlik edib". A.İsmayılovun sözlərinə görə, həmin ərazidə yaşayan sakinlər səbirsizliklə parkın açılışını gözləyiblər. Parkın açılışını şəxsən Adil Vəliyev özü edib: "Lakin məlum olub ki, sakinlərin açılışını səbirsizliklə gözlədikləri bu park uşaqların və sakinlərin dincələcəyi məkan yox, Adil Vəliyevin növbəti şəxsi obyekti olan "Şəhrizad" uşaq bağçasıdır. Yəni park icra başçısının istəyi ilə özəl obyektə çevrilib. Ancaq bu uşaq bağçasından nəinki bu günə qədər orada oynayan uşaqlar, hətta digər sadə vətəndaşların balaları da istifadə edə bilmir. Çünki bağçada bir uşağın həftənin beş günü üçün aylıq ödəmə haqqı 350 manatdır. Bu gün də bu bağçanın idarəçiliyi həmin Rafael adlı şəxsin nəzarətindədir. Heydər Əliyev Fondunun adından şəxsi gəlirləri üçün istifadə edib özünə biznes imperiyası quran Adil Vəliyev haqqındakı araşdırmalarımızı davam edəcəyik. Bir rayonun icra başçısı nümunəsində vəzifəli şəxslərin özbaşınalıqlarını, sadə vətəndaşlara zülm etmələrini, onlara qul kimi baxmalarını ictimaiyyətin diqqətinə çatdıracağıq". Xatırladaq ki, bu, Sabunçunun icra başçısının törətdiyi özbaşınalıqlarla bağlı ilk şikayət halı deyildi. Adil Vəliyev vəzifəyə yeni təyin olunanda daha dəqiq desək, 2013-cü ildə Sabunçu rayonunun bir qrup sakini və rayonda fəaliyyət göstərən sahibkarlar icra başçısından prezidentə şikayət etmişdilər. Sakinlər bildirmişdilər ki, rayonda abadlıq işləri adı altında yaşıllıqları məhv edirlər: "İcra başçısı abadlıq işləri altında rayonu başdan-sona kimi qazır, ticarət obyektlərini sökdürür. Rayon ərazisində bir metr belə boş torpaq sahəsi tapa bilməzsiniz. Vəziyyət o həddə çatıb ki, başçının əmri ilə vaxtı ilə mərhum prezidentimiz Heydər Əliyevin əmri ilə salınan yaşıllıqlar məhv edilərək yeri ayrı-ayrı biznesmenlərə satılıb". Adil Vəliyevlə bağlı neqativ məlumatlar bununla bitsə, dərd yarıdır. Yadınızdadırsa, ötən ilin avqustunda icra başçısı ilə deputat Qalib Salahzadə arasında ciddi qarşıdurma yaşanmışdı. Yayılan məlumatlarda icra başçısının qarşıdan gələn seçkilərdə Qalib Salahzadənin deputat seçilməsinə imkan verməyəcəyini bəyan etdiyi qeyd olunurdu: "Konfliktin yaranmasına səbəb Kürdəxanı, Bilgəh və Pirşağı sakinlərinin icra başçısının qanunsuz fəaliyyəti ilə bağlı deputata şikayət etməsi olub. İcra başçısını sakinlərin problemlərini həll etməyə çağıran millət vəkili hədəf götürülüb və rayondakı bütün qurumlara Hacı Qalibin əleyhinə iş aparmaq tapşırığı verilib". Milli Məclisin deputatı Qalib Salahzadə isə açıqlamasında icra başçısı ilə arasında qarşıdurma olması xəbərini təsdiq etmişdi: "Nə qədər ki, mən sağam, buranın deputatıyam, Bilgəhdə dövlətə, hakimiyyətə, icra hakimiyyətinə qarşı narazılıqdan söhbət gedə bilməz. Mən buna imkan vermərəm. Borcumdur ki, xoşagəlməz hallar, gözlənilən narazılıqlar barədə əvvəlcədən aidiyyəti qurumları məlumatlandırım. Mən Adil müəllimi məlumatlandırdım ki, onun bu təyinatları insanların ürəyincə deyil. O, nəzərə almadı. İndi sabah Allah eləməsin, nəsə baş versə, məsuliyyət onun üzərinə düşəcək. O vaxt Nardaranda da belə şeylərə görə narazılıq oldu. Müəyyən adamlar var ki, sanki Bakı kəndlərinin üzərində eksperment aparmaq istəyir. Bilgəh, Məştağa, Nardaran kimi kəndlərə münasibətlərdə ehtiyatlı olmaq lazımdır. Kimlərsə istəyir ki, Bilgəhdə də aranı bir-birinə qatsın. Amma mən onlara deyirəm, nə qədər ki, buradayam bu kənddə problem olmayacaq. Bilgəh sakinini Ramanaya icra nümayəndəsi təyin etmək istəyirlər, amma o, getmir. Deyir ki, Ramananın öz ziyalıları, kadrları var. Onlar olan yerdə Ramanaya icra nümayəndəsi getmək istəmir". Aradan bir müddət keçəndən sonra başçı ilə deputatın qarşıdurması nisbətən səngidi. Bu arada, qeyd edək ki, Aslan İsmayılovun hüquqlarını müdafiə etdiyi şəxsi- Abbas Quliyevi Adil Vəliyev qəbul edib. Məlumata görə, başçı qanunsuzluqlardan xəbəri olmadığını, qanunsuzluqlara görə gündə bir işçini qovduğunu, niyə bu günə qədər qəbuluna gəlmədiyini deyib. Torpağının 12 sotu ilə bağlı problem olmadığını, istədiyi vaxt hasar çəkə biləcəyini bildirib. Digər 12 sotu ilə bağlı isə cüzi problemlərin olduğunu, onun da yoluna qoyulacağının mümkünlüyünü bildirib. Ancaq xahiş edib ki, Aslan İsmayılov yazsın ki, bir balaca səhv edib, Sabunçu rayon icra başçısının baş verənlərdən xəbəri olmayıb. Əgər bu olarsa hasarın tikintisinə belə kömək edəcəyini vəd edib. Burdan belə aydın olur ki, Adil Vəliyev son günlər sosial şəbəkələrdə və mətbuatda gedən tənqidi yazılardan sonra geriyə addım atmalı olub. Mötəbər mənbələrin bizə verdiyi məlumatda isə bildirilir ki, icra başçısına qarşı yönələn tənqidlər onun vəzifədən "vurulması" ilə nəticələnə bilər: "Adil Vəliyev icra başçısı vəzifəsinə təyin olunanda ona bəslənən ümidlər böyük idi.

Həm yuxarılar, həm də rayon sakinləri icra başçısının müsbət işlər görəcəyini gözləyirdi. Əfsus ki, uzun müddət biznes fəaliyyəti ilə məşğul olmuş Adil Vəliyev icra başçısı vəzifəsinə də gəlir mənbəyi kimi baxdı. O vəzifəyə keçənə yaxın özünə məxsus "Sarı gəlin" şadlıq sarayını satdı. Çoxları bunu onun biznesinin çöküşü kimi qiymətləndirsə də, əsla belə deyil. Çünki Adil Vəliyevin hazırda Sabunçu rayonu ərazisində bir-birindən dəbdəbəli şadlıq sarayları fəaliyyət göstərir. O ki qaldı icra hakiminin tənqid hədəfinə çevrilməsinə, bunun bəzi səbəbləri var. Belə ki, yuxarıların bu məmura olan inamı xeyli azalıb. Demək olar ki, onun "qələmi qırılıb" Bu səbəbdən onun başqası ilə əvəz edilməsi məsələsi müzakirəyə çıxarılıb. Deyilənə görə, hazırda paytaxt rayonlarından birində icra başçısının müavini işləyən şəxs tezliklə Adil Vəliyevin yerinə gətiriləcək". Növbəti saylarımızda Adil Vəliyevin oğlu Ənvər Vəliyevin imza atdığı qanunsuzluqlar, bacısı uşaqlarının yaşadıqları həyat tərzi, icra başçısının nəzarəti altında olan "Porshce", "Audi", "Volksvagen" avtomobil satışı mərkəzlərindəki vergidən yayınma halları, Ramil Əliyevi nəyə görə Sabunçu qəsəbəsinə icra nümayəndəsi təyin etməsi, keçmiş müavini və yaxın dostu Şakir Alıyevlə aralarındakı milyonluq qalmaqal, eləcə də icra hakiminin 1977-ci ildə BEMZ-də çilingər işləyərkən başına gələn çətinliklər haqda geniş araşdırma yazısı dərc edəcəyik. Bizi izləyin.

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandıra bilərik.

P.S. Adil müəllim, bir neçə il əvvəl Balaxanı qəsəbəsinin icra nümayəndəsi Fərhad Qurbanovu işdən azad etmişdiniz. Amma üstündən bir müddət keçəndən sonra onu yenidən işə qaytardınız. Deyirlər, həmin söhbətdə icra nümayəndəsini 60-a kimi saydırmısınız. Bu düz söhbətdir?