backend

Razim Məmmədov brilyant biznesinə başlayıb?

Razim Məmmədov brilyant biznesinə başlayıb?



















Xətainin icra başçısının kifayət qədər maliyyə ehtiyatına sahib oldiuğunu nəzərə alsaq, bu biznesin Dubay əmirliyinə transferi barədə əldə etdiyimiz bilgilərin haradan qaynaqlandığını yalnız ehtimal edə bilərik

Xətainin icra başçısı Razim Məmmədovun biznes yaradıcılığı özəllikləri ilə digərlərindən seçilir. İlk addımlarını Sumqayıtda atmağa başlamış başçı ünvanına uzun illərdir ki, səslənən tənqidlərə baxmayaraq hər addımda öz şəxsi biznesinin ehtiyaclarından irəli gələn maraqlarını önə çəkməklə "qara günlərin" tədarükünü görməkdədir. Belə tədarük hansısa bir konkret sahəni əhatə etmir. Razim Məmmədova yaxından bələd olan şəxslər onun böyük biznesə xırdavat, yaxud maşın alverindən gəldiyini iddia edir.Tələbəlik illərində isə Razim Məmmədovun hətta "layka" kurtkaların satışı ilə məşğul olduğunu söyləyənlər də az deyil. Bu deyilənlərin həqiqətə uyğunluq dərəcəsini isə icra başçısından savayı heç kəs deyə bilməz. Hər halda, rəhbərlik etdiyi sahənin spesifikasına uyğun torpaq biznesini formalaşdırmaqla hədsiz sərvətlərə sahib çıxmağı bacaran başçının Xətai rayonunda göz qoymadığı park-xiyaban demək olar ki, qalmayıb. Adının yaşıl soyqırımlarda hallanmasına baxmayaraq bu adamın şirin biznes ləhcəsi deyilənə görə, onu görməyə gözü olmayan ən müstəcəb məmurun belə yatmış nəfsini oyatmaq və "yola gətirmək" qabiliyyətindədir.Razim Məmmədovun bu əsrarəngiz "istedadı" qarşısında görün neçə-neçə yüksək vəzifə sahibinin "saqqızı oğurlanıb". Başçının vaxtilə saqqız alverində adı hallanmasa da, vəzifədə oturuşması da elə bu amillə izah edilir. Lakin son zamanlar bəzi başçıların, o cümlədən Razim Məmmədovun da biznesində problemlər yaranıb. Buna səbəb onun qanunsuz fəaliyyətinə nəzarətin gücləndirilməsi deyil. Sadəcə, başçının ətrafında pullu qıtlığı yaranıb. Razim Məmmədovun Rusiyada kifayət qədər iş adamları ilə ortaq biznes qurduğu barədə xəbərlərimizi xatırlayın. Bu gün Rusiyanı da ağuşuna almış maliyyə böhranı şəraitində tərəfdaşlar ardıcıl valyuta itkiləri ilə üzləşməkdədirlər. Bəzi xəbərlərə görə, Razim Məmmədov itkiləri minimuma endirmək naminə Rusiyada ölkəmizə külli miqdarda taxta-şalban gətirilməsinə göstəriş də verib. Lakin mal-materialların Bakı bazarlarına yetişməsi ilə ölkənin tikinti sektorunda yaranmış durğunluq üst-üstə düşdüyündən alıcı problemi yaranıb. Xətainin icra başçısının tikinti sektorunda da özəl obyektləri az deyil. Rayonda tikilmiş yüksəkmərtəbəli yaşayış binalarının böyük bir hissəsinə Razim Məmmədovun sahiblik haqqını tanıyanlar yaxşı bilir ki, başçının bu biznesi də artıq "axsamağa" başlayıb. Bazara satışa çıxarılan mənzilləri demək olar ki, nağd pula almaq istəyən yoxdur. Razim Məmmədovun adamları ölkədə tikinti sektorunun vəziyyətinin bəlli olduğunu nəzərə çatdırsalar da və bununla bağlı ona ürək-dirək versələr də, başçı çəkdiyi xərclərin mayasını necə çıxara biləcəyi üzərində işləyir. İcra başçısı Razim Məmmədovun təcrübəli vəzifəli və iş adamı kimi əsas ümidini növbəti tender əməliyyatlarına bağladığı deyilir.

Xətainin başçısının adının qızıl və zinət əşyalarının topdan alqı-satqısında da hallandığını oxucularımız bilməmiş deyil. Lakin son zamanlar başçının bundan da cəlbedici biznesə başladığı üzə çıxıb. Məlumata görə, Razim Məmmədov artıq brilyant biznesinə başlayıb. İddialara görə, başçının kabinetində bu məsələ həftənin bəlli günləri yaxın tərəfdaşlarla müzakirəyə çıxarılır. Xətainin icra başçısının kifayət qədər maliyyə ehtiyatına sahib oldiuğunu nəzərə alsaq, bu biznesin xaricə, konkret desək, Dubay əmirliyinə transferi barədə əldə etdiyimiz bilgilərin haradan qaynaqlandığını yalnız ehtimal edə bilərik. Qeyd etmək yerinə düşər ki, topdan brilyant biznesi bugünkü böhran şəraitində az-çox gəlirli bizneslərdən biri hesab olunur. Razim Məmmədovun öz həmkarları arasında da bu biznesini təbliğ etməsi barədə yayılan xəbərlər ölkənin icra başçıları arasında buna marağın artdığını ehtimal etməyə əsas verir. İcra başçılarının kommesiya fəaliyyəti ilə açıq-aşkar məşğul olması əlbəttə düşündürücü məqamdır. Belə biznes əslində rayon rəhbərlərini onların əsas vəzifəsindən yayındırmaqla necə deyərlər, "qaçaq" düşməsinə səbəb olur. Prezident Administrasyasında yəqin ki, bu məqam diqqətlə nəzərdən keçirilir. Şübhəsiz, yaxın zamanlarda bizneslə məşğul olan icra başçılarının cəzalandırılacağı gözlənilir. Bu məqsədlə icra başçılarının siyahısı da hazırlandığı bildirilir. Məlumata görə, Razim Məmmədovun adı siyahıda ilk sıralarda yer alır.