backend

Suvarma Sistemləri İdarəsinin kollektivinin məsuliyyətsizliyi məhsuldarlığın aşağı düşməsinə səbəb olub

Suvarma Sistemləri İdarəsinin kollektivinin məsuliyyətsizliyi məhsuldarlığın aşağı düşməsinə səbəb olub





















İdarə rəisi Nazir Dadaşov şəxsi maraqlarını daha üstün tutur "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) bəzi yerli idarələrində xoşagəlməz işlər cərəyan etməkdədir.

Bu barədə müxtəlif KİV-lərdə silsilə tənqidi yazıların dərc olunmasına baxmayaraq, hələlik sərt tədbirlərə imza atılmır. Elə buna görədir ki, Quba rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nazir Dadaşov özünü çox arxayın hiss edir və qanunları tanımamaqdan çəkinmir. Quba rayonunun iqtisadiyyatının əsasını bağçılıq, əkinçilik, tərəvəzçilik və heyvandarlıq təşkil etdiyindən suvarma suyuna tələbat çox böyükdür. Redaksiyamıza daxil olan məlumatlara görə, Quba Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilmir və bu səbəbdən rayonda kənd təsərrüfatı sahəsində məhsuldarlıq ilbəil aşağı düşür: "Hazırda rayonda suvarmaya yararlı torpaq sahələrini birbaşa suvarma suyu ilə təmin edən və onun müqabilində su pulunun yığılmasını, təsərrüfatdaxili suvarma sistemlərinin təmirini, onların qorunub saxlanılmasını və suvarma suyunun özəl torpaq sahəsində limit çərçivəsində düzgün bölüşdürülməsini təmin edən 12 birlik fəaliyyət göstərir. Suvarma Sistemləri İdarəsində mövcud olan bir sıra problemlər suvarma işlərinin vaxtında həyata keçirilməsinə imkan vermir. Ləngimə olduğuna görə məhsuldarlıq aşağı düşür. Hidrotexniki qurğularda aparılan "cari təmir işləri" sadəcə görüntü yaratmaq, həmçinin büdcə vəsaitlərini göyə sovurmaq üçündür. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri yarımçıq görülür. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli miqdarda vəsait əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Quba rayonunda min hektarlarla suvarılan torpaq sahələri mövcuddur. Bütün bu ərazinin suvarma və meliorasiya işlərini vaxtında və yüksək səviyyədə təmin edə bilmək üçün rayonun Suvarma Sistemləri İdarəsinin bütün resurs və imkanları daim səfərbər vəziyyətdə olmalıdır. Bu hazırlığın əsas məsuliyyəti isə əlbəttə ki, idarənin rəisinin üzərindədir. O isə öz maraqlarını işindən üstün tutur". Dövlətin rayonda suvarma sistemlərini yeniləmək və təmir etmək üçün ayırdığı büdcə vəsaitlərinin təyinatı üzrə xərclənmədiyini deyən mənbəmiz vurğuladı ki, rayonun ərazisindən keçən çaylarda sahilbərkitmə işləri də istənilən səviyyədə aparılmır: "Sahilbərkitmə işlərinə xüsusi diqqət yetirilmir. Quba ərazisindən keçən çayların sahillərində yerləşən irriqasiya sistemlərinin, infrastruktur obyektlərin sel və daşqınlardan qorunması üçün tədbirlər yox səviyyəsindədir. İdarənin əməkdaşları yerlərdə verilən suyun qənaətlə işlədilməsi, bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşınalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar". Onu da qeyd edək ki, bu il havaların quraq keçməsi, eyni zamanda sahələrin lazımi səviyyədə suvarılmaması ilə əlaqədar olaraq Qubada alma bağları susuzluqdan quruyub. Nəticədə fermerlərin əziyyəti hədər olub. Gələn saylarımızda cari təmir işləri üçün tikinti materiallarının, mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması məqsədilə keçirilən tenderlərin şübhəli məqamları və Nazir Dadaşovun sərvəti haqda müfəssəl məlumat verməyə çalışacağıq. Mövzu ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.