backend

Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru "yaşıl soyqırım"a niyə göz yumur?

Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru "yaşıl soyqırım"a niyə göz yumur?





















Fəaliyyətində ciddi nöqsanların olduğu deyilən Elçin Salahov rayonun meşə təsərrüfatını hara aparır

Məlum olduğu kimi, son illər respublikanın əksər bölgələrində ölkə rəhbərliyi tərəfindən meşəçilik və meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

Məqsəd meşələrin münbitliyini və məhsuldarlığını artırmaq, meşə fondu torpaqlarından daha səmərəli istifadə etmək, meşələrin ətraf mühitə müsbət təsirini və qoruyucu funksiyalarını yüksəltməkdən ibarətdir. Meşə təsərrüfatına ziyan vuran şəxslər qanunvericilik səviyyəsində cəzalandırılır. Lakin buna baxmayaraq, bəzi rayonlarımızda meşələr kütləvi surətdə məhv edilir. Əksər hallarda isə meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbər şəxsləri "yaşıl soyqırım"a göz yumurlar. Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin də fəaliyyəti müsbət qiymətləndirilmir. Müəssisənin direktoru Elçin Salahovun işindəki qanunsuzluqlarla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Mətləbə keçməmişdən əvvəl bildirmək istəyirik ki, müəssisə 13 min 562 hektar meşə sahəsinə xidmət göstərir. Adının çəkilməməsini xahiş edən rayon sakininin sözlərinə görə, Elçin Salahov müəssisəyə direktor təyin olunandan sonra Şamaxıda bərpa və meşəsalma işləri sahəsində durğunluq yaranıb: "Son iki ildə rayonun meşə massivləri amansızcasına məhv edilib. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara şikayət etsək də, bir nəticəsi olmayıb. Rayonun meşələrindəki ağaclar emal müəssisələri üçün əsl xammal bazasına çevrilib. Abasxanlı, Sabəyli, Qaradağ və Talış kəndlərində "yaşıl soyqırım" səngimək bilmir. Bu meşə əraziləri ağaclar kəsiləndən sonra bostançılıq təsərrüfatı ilə məşğul olan şəxslərə satılır. Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktorunun qeyri-qənatbəxş fəaliyyəti, qanunsuz əməlləri nəticəsində bu gün Şamaxı meşələrinin taleyi böyük təhlükə altındadır. Bir çox qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilir. Belə davam edərsə, qısa müddətdən sonra zəngin flora və faunaya malik Şamaxı meşələri ancaq kədərli xatirəyə çevriləcək. Meşələrin mühafizəsinə, qorunmasına bilavasitə məsuliyyət daşıyan Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi üzərinə düşən vəzifələri layiqincə icra edə bilmir". Məlumatlı mənbənin bildirdiyinə əsasən, Elçin Salahov direktor təyin olunduqdan sonra öz maraqları üçün çalışmağa başlayıb: "Belə ki, o yaxın adamlarını, qohumlarını ətrafına toplayaraq Şamaxı meşələrinə əməlli-başlı qənim kəsilib. Qurdtəpədə meşəbəyi işləyən Qubadov Fazili, Talış Nuri meşələrindən Süleymanov Davudu, Qonaqkənddən Qafarov Mirzəxanı, Pirbəhlidən Bəşirov Şakiri işdən çıxardaraq onların yerinə öz qohumlarını yerləşdirib. O, meşəbəyilərin vasitəsilə qanunsuz əməllərini rahatlıqla həyata keçirir. Odun biznesi ilə məşğul olan şəxslər meşəbəyilərlə anlaşma əldə edərək ağacları kəsib mebel sexlərinə xammal kimi təhvil verirlər, ya da qazın olmadığı kəndlərə yanacaq vasitəsi kimi satırlar. Qış aylarında Şamaxıda oduna tələbat xeyli artır. Bunu fürsət bilənlər bir maşın odunu vətəndaşlara 600 manata stəklif edirlər. Bir vaxtlar sıxlığı ilə diqqəti çəkən Şamaxı meşələri sürətlə səhralığa çevrilir. Müəssisənin rəhbərliyi ağacların qırılmasına göz yummaqla təbiətə böyük ziyan dəyməsinə şərait yaradır. Elçin Salahov hər rüb Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hesabat verir ki, guya meşə təsərrüfatına aid olan ərazilərdə ağaclar əkilib və digər tədbirlər görülüb. Onun hesabatları reallıqla üst-üstə düşmür. Bu adam meşə təsərrüfatının inkişafı üçün çalışmır. Çalışsaydı, 3 meşə sahəsini birləşdirərək öz qohumu Əhliman adlı şəxsin tabeliyinə verib yüz illik meşələrin qırılmasına rəvac verməzdi. Bir vaxtlar göz oxşayan meşə zonalarındakı ağacların yerində indi kötüklər qalıb. Qiymətli ağac növləri kəsilərək amansızcasına məhv edilib. Deyilənə görə, direktor meşə təsərrüfatında qanunsuz ova şərait yaradır. Digər tərəfdən, bəzi imkanlı şəxslər rayonun meşə fonduna daxil olan ərazilərdə istirahət mərkəzləri, villalar ucaldıblar". Redaksiyamıza daxil olan məlumatlarda həmçinin qeyd olunur ki, müəssisə rəhbəri özünə yaxın şəxslərdən bir neçəsinin adını idarədə müxtəlif vəzifələrə yazdıraraq dövlətin külli miqdarda vəsaitini havaya sovurur: "Müəssisənin ştat cədvəlindəki işçilərin bir hissəsi işə çıxmır. Buna baxmayaraq, onlara hər ay əməkhaqqı yazılır. O, qohumu Mühasib Quliyevə məxsus QAZ-53 markalı maşın işləmədiyi halda hər gün "putyovka" yazaraq yanacağı israf edir". Elçin Salahovun fəaliyyətindəki çatışmazlıqlar bununla yekunlaşmır. Gələn saylarımızda Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində saxlanan "ölü canlar", cari təmir adı altında buxarlanan vəsaitlər, direktorun sahibi olduğu biznes obyektləri və kəsilən ağacların hansı məmurun mebel sexinə daşınması haqda şok faktları açıqlayacağıq. Bizi izləyin. Qarşı tərəfin də münasibətini dərc edə bilərik. P.S. Deyirlər ki, Elçin Salahov harda oturursa, "mən nazirlikdə filankəsin yanına hər ay getməsəm, bu vəzifədə otura bilərəm?" deyə bildirir. Gələn saylarımızda həmin şəxsin də adına aydınlıq gətirəcəyik.