backend

"Vosmoy" və "Yaşıl bazar"da kassa aparatı yoxdur

"Vosmoy" və "Yaşıl bazar"da kassa aparatı yoxdur
Ölkəmizdə sahibkarlığın inkişafına əməlli-başlı imkan yaradılır.

Demək olar ki, imkanı olan hər kəs iri market, ticarət mərkəzi, gözəllik salonu, kafe və restoran açaraq sahibkarlıqla məşğul olur. Düzdür, ölkədə sahibkarların fəaliyyətinə mane olanlar da çoxdur. Bəzi dövlət qurumları var ki, onlar sahibkarlara gün verib, işıq vermirlər. Ölkə başçısı da dəfələrlə sahibkarların hüquqlarının tapdalanmasından narahat olduğunu bildirmiş və onların fəaliyyətinə əngəl törədənlərə xəbərdarlıq etmişdir. Lakin ölkə başçısının etimadından sui-istifadə edənlər də az deyil. Xüsusilə paytaxtda və regionlarda vətəndaşlara xidmət göstərən bazarların fəaliyyətində qanuna zidd hərəkətlərə yol verilir. Belə ki, bazar rəhbərlərinin çoxu ölkənin büdcəsinə külli miqdarda ziyan vurur. Bazarlarda qazanılan pullardan dövlət büdcəsinə köçürmələrdə qeyri-qanuni hallara yol verilir. Hər kəsə məlumdur ki, bazarlarda çalışan satıcılar hər gün bazar rəhbərliyinə kirayələdiyi yerin haqqını ödəyir. Satıcılar bazar rəhbərliyinə gündəlik icarə haqları ödədiklərindən onlar alqı-satqı əməliyyatlarını kassa aparatlarında qeydiyyatdan keçirmir. Bizə verilən məlumatlara görə, 8-ci kilometr bazarı və Yaşıl bazarda bu kimi qanun pozuntularına yol verilir. İndiyədək kassa aparatlarının tətbiq olunmaması həmin bazarlarda vergidən yayınmaya şərait yaradıb. Bazarlarda əldə olunan vəsaitlərin kimlərin cibinə getməsi, hansı məqsədlərə sərf olunması yəqin ki, hər kəs üçün maraqlıdır. Etibarlı mənbələrin verdiyi məlumata görə, sözügedən bazarlarda yığılan kirayə haqları ayrı-ayrı məmurların, yüksək vəzifə sahiblərinin ciblərinə gedir. Onu qeyd edək ki, ölkədə bazarların, iri ticarət mərkəzlərinin başında duran ya bəzi məmurlardır, ya da yüksək vəzifəli şəxslər. Hər kəsə bəllidir ki, məmurlar bu cür obyektləri öz yaxın adamlarının adına sənədləşdirirlər. Çünki məmurların sahibkarlıqla məşğul olması qanuna ziddir. Qeyd edək ki, Konstitusiyaya görə, yüksək vəzifə sahibləri, məmurlar, deputatlar sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olmamalıdır. Ümumiyyətlə, qanunlar sanki ölkədə vətəndaşlar üçün işləyir. Millət vəkillərinə, hansısa vəzifəli şəxslərə gəlincə, qanunlar bir növ yaddan çıxır. Sanki bu şəxslər öz qanunlarıyla fəaliyyət göstərirlər. Heç kəsə sirr deyil ki, parlament üzvlərinin böyük əksəriyyəti bizneslə məşğul olur. Milli Məclisdə elə bir deputat yoxdur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmasın və ya buna himayəçilik göstərməsin. Bir sözlə, sözügedən qanunun qüvvədə olmasına baxmayaraq, yüksək vəzifə sahiblərinin çoxu biznes fəaliyyətiylə məşğul olaraq külli miqdarda qazanc əldə edirlər. Ona görə də bazarların çoxunun himayədarı yüksək vəzifəli şəxslər olduğundan vergidən yayınma hallarına çox rast gəlinir. "Vosmoy" bazarında və "Yaşıl bazarda" ciddi yoxlamaların aparılmasının tam zamanıdır. Vergilər Nazirliyinin əməkdaşları buyurub bazarın vergi ilə bağlı məsələlərini araşdırsınlar. Yoxlasalar bütün neqativ halları üzə çıxara bilərlər. Bazarda heç bir dükanın sığortası və dükan sahiblərinin əmək müqaviləsi yoxdur. Təəssüf ki, sözügedən bazarlar Azərbaycanda istehlakçıların hüquqlarının ən çox pozulduğu, xəstəliklərin ən intensiv yayıla bildiyi yerlərdir. Bu sahədə qayda-qanunun yaradılmasına hələ ki, nail olunmayıb, alıcılar bir çox hallarda aldadılır. Məhsulların təhlükəsizliyi təmin olunmayıb. Laboratoriyaların adı var, ancaq özü yoxdur. Satıcılardan pul yığılmaqla hər cür qanunsuzluğa göz yumulur.