backend

Sunay Balakişiyevin himayədarı kimdir?

Sunay Balakişiyevin himayədarı kimdir?
Hər il dövlət büdcəsindən səhiyyə sisteminə ayrılan vəsaitlərin çoxluğuna baxmayaraq, bu sahədən razı qalan yoxdur.
Çünki səhiyyə elə bir sistemdir ki, birbaşa insan sağlamlığı ondan asılıdır. Səhiyyəsi yaxşı olmayan bir ölkənin insanları necə sağlam ola bilər. O səbəbdən də səhiyyənin durumu hər bir vətəndaşı narahat etməyə bilməz. Aparılan müşahidələr göstərir ki, ölkənin səhiyyə sistemindəki vəziyyət get-gedə pisləşməyə doğru gedir. Xüsusilə də regionlarda yaşayan əhalinin sağlamlıq vəziyyətinin günü-gündən pisləşməsi onu deməyə əsas verir ki, bölgələrdə səhiyyə sahəsi diqqətdən kənarda qalıb. Belə ki, redaksiyamıza daxil olan məlumatlarda Oğuz rayonunda səhiyyə sahəsində problemlərin olduğu deyilir. Verilən məlumatlara görə, Oğuz Rayon Mərkəzi Xəstəxanasında şərait dözülməz həddə çatıb. Tibb ocağından yolu keçənlərin hamısı sözügedən xəstəxanada xəstələrin dərdinə əlac tapa bilmirlər. Savadsız kadrların çalışdığı Oğuz rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətin keyfiyyəti qənaətbəxş deyil. Bu rayondan paytaxt xəstəxanalarına üz tutanların sayının çox olması onu deməyə əsas verir ki, Oğuzda tibbi xidmət geriləməyə doğru gedir. Sözügedən tibb ocağının baş həkimi Sunay Balakişiyevin rəhbərliyi altında ciddi nöqsanlara, özbaşınalıqlara yol verilir. Həkimlər xəstələrə qarşı laqeyd münasibət sərgiləyirlər. Şikayətçilərin sözlərinə görə, uşaqlara səhv diaqnozlar qoyurlar. Səhv diaqnozun nəticəsində də səhv müalicələr aparılır. Oğuz rayon Mərkəzi Xəstəxanası neçə-neçə uşağın şikəst olmasına səbəb olub. Belə ki, Xəstəxanada yaranan dözülməz şərait, adı çəkilən tibb müəssisəsinin xəstələrini dilə gətirir. Görəsən bu müəssisədə baş verən qanunsuzluqlara Oqtay Şirəliyev niyə reaksiya vermir. Hamiya məlum olduğu kimi KİV - də Sunay Balakişiyevin qanunsuz hüquqazidd hərəkətlərini ifşa edən yazılar dəfələrlə ictimaiyyətin diqqətinə çatdırılıb. Mənbə bildirir ki, sözügedən tibb ocağının baş həkimi vəzifə səlahiyyətindən sui-istifadə edərək rəhbəri olduğu xəstəxananı yararsız duruma salıb. Baş həkim istisnasız olaraq bütün xəstələrdən nəsə umur və bu kimi hallar vətəndaşların haqlı narazılığına səbəb olmaqdadır. Onun bu tip əməllərilə bağlı dəfələrlə Səhiyyə Nazirliyinə şikayət olunsa da, məlum olmayan səbəblərdən heç kim Sunay Balakişiyevə heç bir irad tutmur. Xəstəxanadakı çarpayılar da bərbad vəziyyətdədir. Bu tibb müəssisəsinin su-kanalizasiya, istilik sistemi sıradan çıxıb. Vaxtı keçdiyindən su boruları çürüyüb. Mərkəzləşdirilmiş istilik sisteminin olmamasına görə şöbələr buzxanaya çevrilib. Su borularının çürüməsi antisanitariyanın və yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır. Tibb texnikasının köhnəliyi və yoxluğu müşahidə edilir. Anesteziya aparatı, eləcə də əməliyyat masası istifadə müddətini artıq çoxdan başa vurub. Elə bu səbəbdən də əməliyyatlar uğurlu nəticə vermir. Əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərmək üçün Xəstəxananın müasir avadanlıqlara, ultrasəs aparatına, qastrofibroskopa, süni tənəffüs aparatına, cərrahi avadanlıqlara, müasir mini laboratoriyalara ciddi şəkildə ehtiyacı var. Tez bir zamanda Oğuz Rayon Mərkəzi Xəstəxanasında baş verən neqativ hallara qarşı tədbirlərin görülməsini istəyirlər. Sözügedən xəstəxananın baş həkimi ilə bağlı ciddi ölçü götürülməsini tələb edirlər.