backend

Tikintisinə 30 milyon manatdan artıq vəsaitin xərcləndiyi iddia edilən məkan hələlik toy sifarişi qəbul etmir

Tikintisinə 30 milyon manatdan artıq vəsaitin xərcləndiyi iddia edilən məkan hələlik toy sifarişi qəbul etmir
Yayılan məlumatlara əsasən elit kompleks sırf imkanlı şəxslərin, vəzifəli adamların toy, nişan və digər şənlik məclisləri təşkil etməsi üçün tikilib
Bəzi məmurların, maliyyə imkanları geniş olan iş adamlarının şadlıq sarayı biznesinə girişməsi çoxlarına sirr deyil. Bu və ya digər yollarla varlanmağı bacaran bəzi vəzifəli şəxslər gələcəkdə özləri və özlərindən sonrakı nəsillərin rahat yaşamasından ötrü biznes şəbəkəsi qurmağa üstünlük verirlər. Hazırda ən gəlirli sahələrdən biri də şadlıq sarayı biznesidir. Nə qədər ki, cəmiyyət var, toy da var. Bunu nəzərə alan məmurların bir neçəsi paytaxtın müxtəlif ərazilərində bir-birindən dəbdəbəli şadlıq sarayları tikdirirlər. Sanki yarışa giriblər. Son illər Bakıda şadlıq saraylarının sayı xeyli artıb. Bu günlərdə həmin sarayların sırasına biri də əlavə edildi- "Böyük saray". Bu şadlıq sarayı paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşir. Adına uyğun ərazisi, bir o qədər də möhtəşəmliyi var. Demək olar ki, Bakıda bu şadlıq sarayı kimi möhtəşəm ikinci şadlıq sarayı yoxdur. Elit restoran kompleksinin binası əsl sarayı xatırladır: iç məkanı olduğu kimi, kompleksin xarici görünüşü də dəbdəbəli klassik tərzdə yaradılıb. Müasirlik və ənənələr, ən yeni texnologiyalar və eleqant zövq burda bir-biri ilə vəhdət təşkil edir. Kompleks dövrün ən son standartlarına görə təchiz edilib. Onun möhtəşəm səhnəsi isə sanki ən əsrarəngiz konsert və ifalar üçün qurulub. Bu restoran eyni anda 2000 nəfər qonağı rahatlıqla qəbul edə bilər. Bəli, düz eşitdiniz. Məlumat üçün bildirmək istəyirik ki, "Böyük saray" noyabr ayının 6-da türkiyəli məşhur müğənni Sibel Canın iştirakı ilə istifadəyə verildi. Həmin gün qardaş ölkənin müğənnisi sarayda konsert proqramı ilə çıxış etdi. Bəzi mənbələrin yazdığına görə, türkiyəli müğənniyə restoranın açılışında iştirak etməsi üçün 150 min dollar qonarar verilib. Konsertin bilet qiyməti isə 100-300 manat arasında dəyişib. 100 manata olan biletlər səhnəyə uzaq imiş. 300 manatlıq yerlər isə səhnəyə yaxın olub. Bizi maraqlandıran məsələnin bu tərəfi deyil. "Böyük saray"ın kimə məxsus olması, kim tərəfindən tikilməsi çox maraqlıdır. Özəl mənbələrdən aldığımız məlumatlara görə, "Böyük saray" məmurlardan birinə məxsusdur: "Amma həmin məmur diqqəti özündən yayındırmaqdan ötrü şadlıq sarayının başqa şəxsə məxsus olması haqda məlumat yaydırıb. Guya ki, milyonlara başa gələn kompleks hansısa iş adamınındır. Hələ ki, şadlıq sarayı toy sifarişi qəbul etməyib. Deyilənə görə, saray rəhbərliyi hər toyu qəbul etmək fikrində deyil. Bu məsələyə Məhərrəm ayı çıxdıqdan sonra baxılacaq. Hələlik menyu qiymətinin müəyyənləşdirilməsi istiqamətində işlər gedir. Paytaxtda yerləşən bəzi elit şadlıq saraylarında qiymətlər 60-140 manat arasında dəyişir. "Böyük saray"ın menyu qiymətlərinin bundan baha olacağı gözlənilir. Bəzi məlumatlara əsasən "Böyük saray" sırf imkanlı şəxslərin, vəzifəli adamların toy, nişan və digər şənlik məclisləri təşkil etmələri üçün tikilib. Belə çıxır ki, maddi imkanı normal olan sadə vətəndaşlar burda toy edə bilməyəcək". Əldə etdiyimiz digər məlumatlara görə, şadlıq sarayının tikintisinə 30 milyon manatdan artıq pul sərf edilib: "Sarayın tikintisində istifadə olunan tikinti materiallarının, burda quraşdırılan mebellərin, stolların, səhnə avadanlıqlarının hamısının xaricdən gətirildiyi bildirilir. Sarayı tikən tikinti şirkəti buranın sahibi ilə yaxındır. Hələ ki, "Böyük saray"ın Bakıda analoqu yoxdur. Bu saray öz möhtəşəmliyinə görə bir tək "Buta Palace"la müqayisə olunur. Çox güman ki, toy sifarişi qəbul etdikdən sonra "Böyük saray" bazarda yerini möhkəmləndirib digərlərini sıradan çıxaracaq". Sarayın hansı məmura məxsus olması istiqamətində araşdırmalara başlamışıq. Yaxın vaxtlarda bu məsələyə aydınlıq gətirməyə çalışacağıq. Bizi izləməyə davam edin. Mövzu ilə bağlı restoran rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.