backend

Lənkəranın qurur duyduğu icra başçısı – Taleh Qaraşov

Lənkəranın qurur duyduğu icra başçısı – Taleh Qaraşov
Əziz oxucu! Bir az toxta, dur, məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. qaynarxett.az olaraq Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən – Lənkəran Rayon İH başçısı Taleh Azay oğlu Qaraşovdan bəhs edəcəyik, gördüklərimizi, bildiklərimizi sizinlə bölüşəcəyik. Amma ilk öncə qısa
Tərcümeyi-hal əvəzi

Taleh Azay oğlu Qaraşov - 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur. 1981-1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982-1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983-1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986-1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991-1996-cı illərdə Kürdəmir rayon İcra hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir, 3 övladı var.
Yeganə icra başçısıdır, ki…

Yuxarıda göstərilən quru statistik məlumatlara söykənən xronologiyadır. Amma bu xronologiyanın arxasında Azərbaycan dövlətinin idarəçilik sistemində xüsusi iz qoyacaq bir rəhbər durur. Çoxlarından fərqlənən və təkrarolunmaz rəhbər… Beləliklə sadalayaq:
Taleh Qaraşov…
… Yeganə icra başçısıdır ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…
… Yeganə icra başçısıdır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “başçı” yox daha üstün sayğı ilə “Müəllim” deməsi də burdan qaynaqlanır.
… Yeganə icra başçısıdır ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…

Taleh Qaraşovun dediklərindən:

Lənkəran Rayon İH-nin başçısı Taleh Qaraşov bizimlə görüş zamanı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların uğurla davam etdirilməsi sayəsində əvvəlki illərdə olduğu kimi, cari ildə sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlər qazanılmış, genişmiqyaslı tikinti-abadlıq işləri görülmüş, mühüm sosial əhəmiyyətli layihələr həyata keçirilmişdir. Cari ildə ölkə həyatının ən əlamətdar hadisəsi Bakı şəhərində keçirilmiş birinci Avropa Oyunları olmuşdur. Müstəqillik tariximizin qürurverici səhifələrindən birinə, ölkə üzrə ümummilli həmrəyliyin göstəricisinə çevrilmiş bu möhtəşəm idman bayramı müstəqil Azərbaycanın gənc idmançılarının xalqımıza bəxş etdikləri hədsiz qələbə sevinclərini, onların fədakar mübarizəsini və gücünü nümayiş etdirməklə yanaşı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin gündən-günə artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən dünya səviyyəli mötəbər tədbirləri belə yüksək səviyyədə keçirməyə qadir olduğunu da bir daha sübut etdi.
“Bakı 2015” birinci Avropa Oyunlarının məşəl marafonunun Lənkəran şəhərindən də keçməsi hər birimizə sonsuz sevinc və fərəh gətirdi. Heydər Əliyev Xatirə Parkında təşkil edilən “Alov” festivalı möhtəşəm tarixi hadisə kimi hər bir lənkəranlının qəlbində dərin iz buraxmışdır. Lənkəranlılar hələ də bu möhtəşəm hadisənin təəssüratlarını yaşayırlar.
On illiklər ərzində yalnız ideya olaraq qalmış Avropa Oyunlarının ilk dəfə təşkil olunmasında, köhnə qitənin 50 ölkəsindən ən güclü atletlərin bir araya gətirilməsində və oyunların bütün beynəlxalq standartlara cavab verən yüksək təşkilatçılıq səviyyəsində keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin yüksək təşkilatçılıq bacarığı, fədakar əməyi və yüksək vətənpərvərliyi xüsusi qeyd olunmalıdır. Bütün bu uğurlar bir daha sübut etdi ki, Vətənimiz Azərbaycan Heydər Əliyev siyasətinin nurunda düzgün yolla gedərək özünün xoşbəxt gələcəyinə doğru inamla addımlayır.
İcra başçısı bildirdi ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lənkərana davamlı diqqəti və qayğısı nəticəsində rayonun sosial-iqtisadi və mədəni həyatında inkişaf davam etmiş, şəhərdə və bütövlükdə rayon ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilmiş, iri həcmli layihələrin icrası təmin olunmuş, yeni layihələrin icrasına başlanılmışdır.
Cari ilin aprel ayının 11-də cənab Prezident İlham Əliyevin Lənkəran şəhərinə növbəti səfəri, bu səfər zamanı yeni obyektlərin açılışında iştirakı hər bir lənkəranlıya böyük sevinc və böyük fərəh bəxş etmişdir. Bu səfər bir daha sübut etdi ki, Lənkəranın uğurlu gələcəyi ölkə başçısının daim diqqət mərkəzindədir.
Cənab Prezidentin Mədəniyyət Mərkəzində şəhər ictimaiyyəti qarşısında çıxış edərkən görülən işlərə verdiyi yüksək qiymət bütün lənkəranlıların fədakar əməyinə verilən qiymət oldu. Bu qayğıya görə hər bir lənkəranlı möhtərəm cənab Prezidentə minnətdardır.
Qeyd:
Cari ildə rayonda ümumi məhsul buraxılışı 280.9 milyon manat təşkil etmişdir. Sənayedə 16.7 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 7.9 faiz çox məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 7.3 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 66.5 faiz təşkil etmişdir.
Rayonda ümumilikdə 2044 yeni iş yeri açılmışdır, onlardan 1601-i daimi iş yerləridir.

Sözardı...

Təbii, biz də anlayır və qəbul edirik ki, mətbuat əsasən tənqid üzərində bərqərardır və tənqiddən məhrum olan media orta əsrlərin “qılıncsız cəngavərləri” kimi gülünc olardı. Amma bu əsas verirmi ki, heç bir fakt olmadan kimlərinsə ictimai nüfuzuna xələl gətirilməyə cəhd edilsin, ictimai rəy çaşdırılsın və s. Mətbuatın əsas vəzifələrindən biri də mövcud nöqsanları aşkaralayaraq ictimai müzakirəyə çıxarmaq və aşkarlanmış problemin həllinə töhfə verməkdir. Amma son zamanlar Lənkəran Rayon İH-nin başçısı Taleh Qaraşovla bağlı mətbuatda gedən bəzi yazılarda biz nədənsə bu məqsədi görə bilmirik, ortada heç bir fakt yoxdu, sadəcə hansısa mülahizələrə əsaslanan quru söz yığınını ittihamnaməyə çevirib nəyəsə nail olmaq həvəsi var bu yazılarda… Axı, həmin yazıların müəllifləri doğrudan da “həqiqət axtarışçıları” olsaydı, heç olmasa bircə dəfə gündə 5 “yazı” həsr elədikləri Lənkəranda olardılar. Onlar Lənkəranda olsaydılar yazdıqları ilə reallıqların nə qədər paradoks təşkil etdiyinə şəxsən şahidlik edər və heç bu yazıya da ehtiyac qalmazdı.
Bir də obrazlı ifadə etsək, Taleh Qaraşovun məxsusi qəbul günü yoxdu, çünki istənilən vətəndaş istənilən vaxt başçı ilə şəxsən görüşə, problemlərini açıq şəkildə ona deyə bilir. Mətbuatın vəzifəsi isə dövlətinə, dövlətçiliyinə və xalqına güvənən belə məmurlara yardım göstərməkdir.

Son əvəzi:. Taleh Qaraşov o kəslərdəndir ki, işığı onun gözünə yox, yoluna tutmaq lazımdı
Cənablar, bunu edə bilmirsinizsə, heç olmasa mane də olmayın.