backend

Daha bir uşaq ölümü – Sabirabadda

 Daha bir uşaq ölümü – Sabirabadda




Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılov cinayət məsuliyyətinə cəlb oluna bilər Səhiyyəmizin ən ciddi problemlərindən biri də ana və uşaq ölümləridir. Həkimlərin işlərinə istənilən səviyyədə məsuliyyət göstərməməsi əksər hallarda bədbəxt sonluqla bitir. Daha bir uşaq ölümü Sabirabad rayonunda qeydə alınıb. Gundelik-baku-com-a daxil olan məlumatlara görə, rayon sakini Şamama Əkbərova hamiləliyi dövründə Şirvan şəhərində yerləşən səhiyyə müəssisələrində yoxlamadan keçib və ona doğuş üçün heç bir problem olmadığı bildirilib: «Daha sonra Şamama Əkbərova Sabirabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Deyilənə görə, xəstəxanada ondan doğuş üçün 750 manat pul tələb edilib. Onun bu pulu verməyə maddi imkanı çatmayıb və Ulacalı həkim məntəqəsinə göndərilib. Həkim məntəqəsində doğuş prosesini iflic keçirmiş bir həkim həyata keçirib. Deyilənə görə, doğuş zamanı uşağın başı əzilib və ölüb. Bu hadisəyə görə həm Sabirabad Mərkəzi Xəstəxanasının baş həkimi, həm də doğuşu aparan həkim məsuliyyət daşıyır». Xatırladaq ki, bundan əvvəl də Sabirabad Rayon Mərkəzi Xəstəxanasında neqativ hallar baş verib. Maraqlıdır ki, baş verənlərin müqabilində xəstəxananın baş həkimi Əziz Mikayılov hələ də işində saxlanır. Şamama Əkbərovanın körpəsini itirməsi faktı rayonun səhiyyə sistemindəki problemlərin getdikcə dərinləşməsindən xəbər verir. Odur ki, Səhiyyə Nazirliyinin, habelə aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşarı baş vermiş uşaq ölümünü nəzarətə götürməli və vəziyyəti bu həddə çatdıran baş həkim cinayət məsuliyyətinə cəlb edilməlidir. Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.