Bütün ölkədə gündəm yaradan “Jewellery” zinət əşyaları mağazasının sahibi Nemət-zadə Məryəm Tofiq qızının ölümü ilə bağlı daha bir nəfər həbs edilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, sözügedən qətllə bağlı tutulan dördüncü şəxs mərhumun bacısı, Fəxriyyə adlı qadındır. O, bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Onun bir neçə gün öncə anasının ölümündə günahlandırılaraq həbs edilən Günel Hüseynovanın ifadəsi əsasında tutulduğu qeyd edilir. Belə ki, Məryəm Nemət-zadənin qızı anasının ölümündə xalasının da əli olduğunu bildirib.
Səs-küylü qətldə həbs edilən digər şəxslərin ilkin ifadələri zamanı o da məlum olub ki, mərhuma ilk bıçaq zərbəsini Ceyhun Əsgərov (Məryəm Nemət-zadənin bacısı oğlunun dostu) endirib. 51 yaşlı qadını ürəyindən vuran Ceyhun bıçaq zərbələrinin sayını 43-ə çatdırıb, sonda onun öldüyünə əmin olmaq üçün şah damarını kəsib.
Sayta o da məlum olub ki, anasının ölümündə günahlandırılan Günel Hüseynovanın qızı Zəhra hazırda ailədən alınaraq Bakıdakı uşaq evlərindən birinə verilib.
Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu dəhşətli qətllə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Nemət-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.