backend

Ət də bahalaşdı

Ət də bahalaşdı

Yanvarın 9-da etibarən ətin qiyməti artmağa başlayıb. Hazırda bazarda satılan ətin qiyməti 0,50-1 manat arasında artıb.

Musavat.com-xəbər verir ki, dünən bazarda 6.50 manata olan mal əti bu gün 7-7.20 manatdır. Sabunçu bazarında, şəhərin bir çox ət kəsimi aparılan mağazalarında ətin qiyməti minimum 7 manatdan təklif olunur. Bakıda hazırda mal ətinin qiyməti 7-8.50 manat arasında dəyişir.

Satıcılar bunun səbəbini son günlər ölkədə baş verən bahalaşma ilə əlaqələndirir. “Hər kəs görür ki, bütün malların qiyməti bahalaşıb. Ərzaq, meyvə və tərəvəz mallarının qiyməti artıq bir neçə gündür ki, bahalaşıb. Bu bahalaşma da gözlənilən idi. Bir müddət qiyməti qaldırmamaq üçün çalışdıq. Ancaq təəssüflər olsun ki, biz buna məcbur olduq. Xırda və iri buynuzlu heyvanları aldığımız kəndilər də qiyməti qaldırır. Deyirlər ki, hər şey bahalaşıb. Biz də məcbur heyvanı baha satırıq. Rayonlarda yemin də qiymətini qaldırıblar. Bu da ətin qiymətinin bahalaşmasına səbəb oldu”- deyə satıcılar bildirir.

Satıcılar bahalaşmanın davam edəcəyi təqdirdə ətin qiymətinin də yenidən bahalaşacağını istisna etmirlər.

Böyük marketlərdə də ətin qiymətində artım müşahidə olunur. “Rahat” marketdə dana ətinin 1 kiloqramı 7.20 manatdır. Sümüksüz dana əti isə 10,50 manatdır.

Qoyun ətinin qiyməti isə 9-11 manat arasında dəyişir. Bazarlarda qoyun ətinin qiyməti ən ucuz halda 9 manatdır.

Xatırladaq ki, 2015-ci il, dekabrın 21-də baş verən devalvasiyadan sonra ətin qiymətinin də qalxması haqda məlumatlar yayılmışdı. Bir çox mağazalarda ətin bahalaşması müşahidə olunmuşdu. Lakin İqtisadiyyat və Sənaye Nazirliyi bazarlarda reydlər apardığını və qiymət artımına nəzarət etdiyini bildirmişdi.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda satış məntəqələrində mal ətinin 1 kiloqramının istehlakçılara 6,50 - 8 manat arasında təklif edildiyini. Qoyun ətinin 1 kiloqramının isə 8-10 manata satıldığını açıqlamışdı.

Artıq qurumun açıqladığı qiymətlərlə bazardakı qiymətlər arasında 0.50-1 manat arasında dəyişiklik var.