backend

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2015-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2015-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

2016-01-16
15 yanvar 2016-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2015-ci ilin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, “Neft Daşları” NQÇİ-in rəisi Qoçalı Mahmudov, təsərrüfat xidmətlərinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
Çıxışlardan öncə dekabr ayının 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə və “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət – güclü külək və tufan nəticəsində həyatlarını itirmiş neftçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Nurəddin Abdullayev çıxışdan öncə qeyd etdi ki, Neft Daşları qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini 2015-ci il üçün hazırlanmış, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun təsdiq etdiyi iş planı əsasında qurmuşdur. N.Abdullayev qeyd etdi ki, 2015-ci ilin yanvar ayından başlayaraq Mənzil Kommunal Təsərrüfatı Sahəsi və 4 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən qəsəbədəki inzibati və yaşayış binalarında carı təmir işləri aparılmış, dam örtükləri yenilənmiş, ərazidə təmizlik-abadlıq işləri görülmüşdür. 2015-ci ildə “20 yanvar” faciəsi və “26 fevral Xocalı soyqırımı” hüzn günü ilə əlaqədar qəsəbədə anım mərasimləri həyata keçirilmişdir. Novruz Bayramı, Gül bayramı, 20 sentyabr Neftçilərin peşə bayramı qəsəbədə qeyd olunmuş, tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil edilmişdir. Qeyd edildi ki, Neft Daşları qəsəbəsi tarixi hadisənin şahidi və iştirakçısı olmuşdur. 06 iyun 2015-ci il tarixində ölkəmizi gəzib-dolaşan birinci Avropa Oyunlarının məşəli bölgələrdə səyahətini başa vurduqdan sonra helikopterlə Bakının Pirallahı rayonunun ərazisində yerləşən və dünyada dənizdə ilk neft platforması olan Neft Daşlarına gətirildi. Oyunların məşəlini əməkdar neftçi, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə qəbul etdi.
Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar. Yığıncaqda qurumun rəhbəri sakinləri maraqlandıran sualları cavablandırdı.
Toplantı iştirakçılarının yekdil qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2015-ci ildə gördüyü işlər, hesabat nəzərə alınaraq, qənaətbəxş hesab olundu.