backend

İlham Əliyev: “Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir”

İlham Əliyev: “Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir”


Yanvarın 21-də Davosda Azərbaycan prezidenti İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Navaz Şərif ilə görüşü olub.

Prezident İlham Əliyev bu görüşün ölkələrimiz arasındakı münasibətlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu deyib. Azərbaycanla Pakistan arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək qiymətləndirib. “Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik”, - deyən prezident İlham Əliyev iqtisadi əlaqələrimizi də çox güclü olan siyasi əməkdaşlığın səviyyəsinə qaldırmağın vacibliyini vurğulayıb, ölkələrimizin energetika, nəqliyyat, sərmayə qoyuluşu, təhlükəsizlik sahələrində əməkdaşlıq etməsinin əhəmiyyətini bildirib.

Dövlət başçısı Pakistanda universitetdə törədilmiş dəhşətli terror hadisəsi ilə bağlı baş nazir Məhəmməd Navaz Şərifə və dost ölkənin xalqına başsağlığı verib.

Baş nazir Məhəmməd Navaz Şərif başsağlığına görə Azərbaycan prezidentinə minnətdarlıq edib. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb.

Söhbət zamanı iqtisadi əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, hərbi sahədə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.