backend

Sumqayıt şəhər Telekomunikasiya Qovşağının rəisi Akif Əsgərovu MTN-lə hansı tellər bağlayır?

Telekomunikasiya Qovşağının avadanlıqların dəyişdirilməsi ilə bağlı məsələ araşdırılmalıdır
Sumqayıt şəhər Telekomunikasiya Qovşağının rəisi Akif Əsgərovu MTN-lə hansı tellər bağlayır?
Dövlətin vətəndaşlar qarşısında bir nömrəli vəzifəsi olan təhlükəsizlik məsələsini təmin etmək həvalə olunan sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və komandasının ölkə vətəndaşlarının təhlükəsizliyinə ən böyük təhlükə təşkil etməsi, vətəndaşların sirrlərini etibar edildiyi Rabitə və Yüksək Texnologiyalar nazirliyinin hər bir insanın telefon danışıqlarının, internet yazışmalarının və ehtimal ki, ənənəvi poçtlarının izlənməsində hansı qüvvələrə yardım etməsi haqqında fikirlər məmurların hər addıma qadir olduqlarından xəbər verir. Əgər Rabitə və Yüksək Texnologiyalar nazirliyi ölkə vətəndaşlarının dinləməsini təşkil ediblərsə, deməli bu işdə RYTN-nin bütün vəzifəli şəxsləri məsuliyyət daşıyır. Burada kimlərin isə istisna təşkil etməsi mümkün deyil.
Rabitə və Yüksək Texnologiyalar nazirliyinin “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov və bu qurumun digər vəzifəli şəxsləri həbs edilirsə, onda yerli müəssisələrinin rəhbərləri necə azadlıqda qala bilər? Bu sual bu gün yəqin ki, hər bir vətəndaşı düşündürür. Vətəndaşları düşündürən bu suala isə hüquq-mühafizə orqanları əsaslı şəkildə aydınlıq gətirməlidir. Onlara əsaslı şəkildə izah edilməlidir ki, “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun bulaşdığı cinayətlərdə Sumqayıt şəhər Telekomunikasiya Qovşağının rəisi Akif Əsgərov iştirak etməyib. Hüquq-mühafizə orqanları vətəndaşları necə inandıracaq, biz bilmirik. Ancaq bildiyimiz bir neçə məqam var ki, onlara əsaslı izah verilməlidir. Birinci məsələ ondan ibarətdir ki, ixtisasca rabitəçi olmayan Akif Əsgərovun uzun illər Sumqayıt şəhəri kimi strateji əhəmiyyətli bir bölgənin Telekomunikasiya Qovşağına rəhbərlik etməsi tamamilə qanuni və əsaslı olub? Əgər hüquq-mühafizə orqanlarımız bunu normal hal hesab edirsə, o zaman Akif Əsgərovla Eldar Mahmudovun əsas adamlarından olan Nizami Şirinovla hansı tellər bağlayır? Əlbəttə, bu gün Akif Əsgərov Nizami Şirinovla əlaqəsini inkar etmək istəyər. Ancaq bu münasibətləri bu iki şəxsin biri-birinə etdiyi telefon zəngləri, onların bağ toplantılarında iştirak edən şəxslərin şahidliyi ilə çox asanlıqla izah etmək olar. Bu isə rabitəçi olmayan Akif Əsgərovun uzun illər Sumqayıt şəhət Telekomunikasiya Qovşağına rəhbərlik etməsinin təsadüfi olmadığı qənatini yaradar. Belə görünür ki, Akif Əsgərovu məğlubedilməz edən də onun güclü himayə altında olmasıdır. Hətta bir neçə il əvvəl “Aztelekom” İB-nin baş direktoru Məhəmməd Məmmədovla Sumqayıt şəhər Telekomunikasiya Qovşağının rəisi Akif Əsgərov arasında baş verən qalmaqaldan da Akif Əsgərovun qalib çıxması da MTN-dən gələn dəstəklə izah edilə bilər.
İkinci vacib məqam Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən korrupsiyada Sumqayıt şəhər Telekomunikasiya Qovşağının rəisi Akif Əsgərovun hansı dərəcədə iştirak etməsidir. Əgər Akif Əsgərov bu korrupsiayada iştirakını inkar edirsə və hüquq-mühafizə orqanları da bunu təsdiq edirsə, onda bunu əsaslı şəkildə izah etməlidirlər.
Bundan başqa Telekomunikasiya Qovşağının avadanlıqlarının dəyişdirilməsi ilə bağlı məsələ də ayrıca araşdırılmalıdır. Bizdə olan məlumata görə bu əməliyyat zamanı dövlət əleyhinə cinayət baş verib. Çox maraqlıdır, Akif Əsgərov bu məsələdə iştirak edibmi? Biz bu və digər suallara aydınlıq gətirməkdə qərarlıyıq və hüquq-mühafizə orqanlarından inandırıcı açıqlamalar gözləyirik.
P.S. Bu yazı ilə bağlı KİV haqqında qanunu nəzərə alıb qarşı tərəf kimi Sumqayıt şəhər Telekomunikasiya Qovşağına telefon açdıq. Qovşaqdan yazıya münasibət bildirmək əvəzinə ”Nazirlikdən göstərış aldıqlarını, zəng edənin adını, soyadını və telefon nömrəsi barədə nazirliyə məlumat verəcəklərini bildirdilər.”