backend

20 Yanvar əlilinə hörmətsizlik - NEFÇALADA İCRA BAŞÇISINA GÖRƏ ARA QARIŞDI

20 Yanvar əlilinə hörmətsizlik - NEFÇALADA İCRA BAŞÇISINA GÖRƏ ARA QARIŞDI


Bu gün Neftçala rayonu İcra Hakimiyyəti binasında 20 yanvar şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə iştirak edən icra başçısı İsmayıl Vəliyev "sürpriz"lə qarşılaşıb.

Məlumata görə, tədbirdə iştirak edən 2-ci qrup əlil Məhəmməd Fərzəliyev paltarlarını çıxararaq bədənindəki güllə yaralarını başçıya göstərib. Məhəmməd Fərzəliyev qəlpə yaralarını göstərərək "Mən onsuz da yarımçıq adamam. 1990-cı ilin 25 yanvarında bu rayona tanklar gələndə yaralanmışam. Budur sənin mənə qayğın, diqqətin? Sən mənim bazarımı söküb-dağıdırsan. Təki sənin istəklərin həyata keçsin" deyib.

20 yanvar əlilinə heç nə deyə bilməyən İsmayıl Vəliyev susmağa məcbur olub.

Xatırladaq ki, Neftçalaya icra başçısı təyin olunduqdan sonra özü üçün bir neçə obyekt tikdirən İsmayıl Vəliyev obyektlərindən biri də yeni balıq bazarıdır. Məhz bu bazar icra başçısı ilə yerli sakinlər arasında ciddi narazılığa səbəb olub. Başçı balıq alverçilərini öz bazarına toplamaq üçün onları köhnə bazardan didərgin salıb. İsmayıl Vəziyev balıqçılara müxtəlif yollarla təzyiq edərək öz bazarına gətirməyə çalışır.

Məhəmməd Fərzəliyev isə Neftçalada uzun illərdir fəaliyyət göstərək balıq bazarının sahiblərindən biridir. İsmayıl Vəliyev ona və qardaşı Zakir Fərzəliyevə məxsus bazarı "antisanitariya hökm sürür" bəhanəsi ilə sökdürmək istəyir. Rayondakı mənbələrin məlumatına görə, başçı yerli idarələrə köhnə bazarda heç bir təmizlik işləri aparmamağı, qəsdən antisanitariya vəziyyəti yaratmağı tapşırıb. Həmçinin İsmayıl Vəliyevin tapşırığı ilə rayon avtovağzalı təzə balıq bazarının yanına köçürülüb. Məqsəd icra başçısına məxsus bazarda alış-verişi artırmaqdır. /qaynar