backend

Azərbaycanda vulkan püskürdü – YENİLƏNİB + FOTO

Püskürmə səhərə qədər davam edib.
Azərbaycanda vulkan püskürdü – YENİLƏNİB + FOTO
Hacıqabul rayonunun birinci Udulu kəndi ərazisindəki Kalaməddin dağının ətəyində bu gün səhər tezdən püskürən vulkan artıq sönüb. Vulkanın püskürməsi nəticəsində 8 hektar əraziyə palçıq dağılıb.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Hacıqabul rayon icra başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanov deyib.

Onun sözlərinə görə, püskürmə heç bir fəsada səbəb olmayıb. Vulkanın ətrafa palçıq səpələdiyi ərazidə yaşayış məntəqəsi də yoxdur.

S.Aslanov qeyd edib ki, vulkanda iki dəfə partlayış olub. İlk partlayış səhər saat 7:20 radələrində olub. Həmin vaxt alov 120-150 metrədək qalxıb. Ikinci partlayış isə saat 7.30 radələrində olub. Həmin zaman alov 20 metr hündürlüynə qədər qalxıb.

S.Aslanov qeyd edib ki, bu vulkanda sonuncu püskürmə 1963-cü ildə baş verib. Həmin müddətdən sonra ilk dəfə olaraq, bu gün həmin vulkanda yenidən püskürmə baş verib.

09:38

Azərbaycanın Hacıqabul rayonundakı Axtarma-Paşalı vulkanı püskürüb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayonu Udulu kənd icra nümayəndəliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, püskürmə bu gecə saat 03.00 radələrində qeydə alınıb və səhər saatlarına qədər davam edib.

Udulu qəsəbəsi ərazisində püskürən vulkan Azərbaycanın ən böyük vulkanlarından biridir.

Bundan əvvəl - 2013-cü ilin aprel ayında püskürən vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir. Odla müşayiət olunan vulkan 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub.

Vulkan palçığının orta qalınlığı 1 metr 20 sm-dir və 18 hektar sahəni örtüb.