backend

Nərimanov rayonunda Xocalı faciəsi anılıb

“Qafqazinfo”nun məlumatına görə, rayon icra hakimiyyəti rəhbərliyi, ziyalıların qatıldığı tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nərimanov rayonunda Xocalı faciəsi anılıb
Sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edib. O, erməni terrorçuların dinc xocalıların başlarına gətirdikləri müsibətlərdən bəhs edib: “Xocalı faciəsi, 26 fevral Azərbaycan tarixinə qanlı hərflərlə yazıldı. Bu faciə ermənilərin nə qədər terrorçu, qanicən olmasını bir daha sübut etdi. Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı. Faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, Azərbaycan bayrağının Xocalıda dalğalanacağına inanırıq”.

Sonra millət vəkili Adil Əliyev çıxış edərək deyib ki, Azərbaycanın gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətini artırması Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır: "Bu gün Azərbaycanın hərbi sahəyə ayırdığı xərclər Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Ermənistan nə hərbi sahədə, nə də digər sahələrdə Azərbaycanla müqayisə edilə bilməz. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, davakar erməni millətciliyi təhlükəsinə birdəfəlik son qoymaq üçün dövlətimizin bütün imkanları var. Lakin biz bu problemin sülh yolu ilə nizama salınmasına çalışırıq. Əminik ki, bu istiqamətdə aparılan sülh danışıqları, görülən boyük işlər öz müsbət nəticələrini verəcək".

Nərimanov rayonunda məskunlaşan Xocalı sakini, şəhid ailəsinin üzvü Mehriban Əliyeva isə 21 il öncə bağlarına gətirilən müsibəti xatırlayaraq göz yaşlarını saxlaya bilməyib: “Bu faciədən nəinki 21, 121 il də keçsə unudulmayacaq. Həmin gün bütün Xocalıların ürəyinə əbədi həkk olundu. O faciəni öz gözlərimlə yaşamışam. Qaca bilməyən yaşlı insanlarımız canlarını qurtara bilmədilər. Qadınlarımızı öldürüb ağacdan asırdılar, sonra da deyirdilər ki, ət satırıq. Balaca usaqları insan cəsədlərini yığıb yandırdıqları alovun icinə atırdılar. Cox dəhşətlər gördük”.

Rəsmi hissədən sonra tədbirin bədii hissəsi başlayıb. “Odlar Yurdu” Universitetinin tələblərinin ifasında “Son güllə” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Zalda oturanlar tələbələrin çıxışını göz yaşları ilə izləyiblər.

Qeyd edək ki, fevralın 26-da rayon İcra Hakimiyyətinin, sənaye, təhsil, səhiyyə və s. müəssisələrin kollektivləri “Xocalı harayı” abidəsini ziyarət edəcəklər.