backend

Çörəyin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA

Çörəyin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
İqtisadiyyat Nazirliyi sabahdan etibarən Azərbaycanda çörəyin qiymətinin artacağına dair məlumatlara aydınlıq gətirib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin Lent.az-a verdiyi məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır: "Hazırda çörəyin qiymətində artım yoxdur. Bu monitorinqlər zamanı çörəyin qiymətində hər hansı artım qeydə alınmayıb. Əgər çörəyin qiymətində hər hansı dəyişiklik olarsa, bunun səbəbləri araşdırılacaq və buna uyğun olaraq tədbir görüləcək".

A. Əliyev bildirib ki, çörək qiymətləri dövlət tərəfindən tənzimlənməyən məhsulların siyahısına daxildir: "Bununla belə, qiymətləri dövlət tərəfindən tənzimlənməyən mallar üzrə də süni qiymət artımına yol verilməməsi üçün mütəmadi monitorinqlər aparılır. Əgər qarşıdakı dövrdə qiymətlərdə dəyişiklik baş verərsə, bunun səbəbləri araşdırılacaq".

Qeyd edək ki, mətbuatda iyulun 30-dan etibarən çörəyin qiymətində 10 qəpik artım olunması ilə bağlı qərar qəbul edildiyinə dair məlumatlar yayılıb. Qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörəyin 40 qəpiyə, 40 qəpik olan çörəyin isə 50 qəpiyə satılacağı deyilir.