backend

Metroda gediş haqqı: 82 qəpiklik yolu 20 qəpiyə aparırlar

Metroda gediş haqqı: 82 qəpiklik yolu 20 qəpiyə aparırlar















İlk yarımildə “Bakı Metropoliteni”ndə sərnişin daşınmasına əvvəlki ildəkindən 40 milyon manat çox xərc çəkilib. Metropoliten rəhbərliyi xərclərin niyə 1,7 dəfə artmasının səbəblərini açıqlamır.

“Azadlıq Radiosu”nun Dövlət Statistika Komitəsindən (DSK) aldığı məlumata görə, yanvar-iyun aylarında “Bakı Metropoliteni” QSC-nin sərnişin daşınmasından əldə etdiyi gəlir 28 milyon 920,6 min manat – ötən ilin eyni dövrünə nisbətən 33,6% çox olub.

Təzadlı olsa da, gəlirdəki artım metrodan istifadə edən sərnişin sayının 2,6% azalması fonunda baş verib. Bu dövrdə metrodan 109 milyon 300 min nəfərin yararlandığı qeydə alınıb.
Altı ayda metropolitendə sərnişin daşınmasına çəkilən xərcsə 90 milyon manatı aşıb. Beləcə, bu dövrdə 61 milyon manatdan çox zərər yaranıb.

Xərclərin kəskin artımı sərnişindaşımanın maya dəyərinə birbaşa təsir göstərir. Ötən il gəlir və xərc nəzərə alınmaqla, bir sərnişinin daşınması metropolitenə 44,9 qəpiyə başa gəlirdisə, “Azadlıq Radiosu”nun hesablamasına görə, bu il həmin göstərici 82,4 qəpiyə çatıb. İndiki maya dəyəri Tarif Şurasının müəyyənləşdirdiyi gediş haqqından 4 dəfə yüksəkdir.

İqtisadiyyat Nazirliyi metroda gediş haqlarının artırılması məsələsinin Tarif Şurasının gündəmində olmadığını deyir. Xatırlatmağa dəyər ki, Şuranın “Bakı Metropoliteni tərəfindən göstərilən sərnişindaşıma xidməti tarifinin tənzimlənməsi barədə” 30 sentyabr 2009-cu il və 24 noyabr 2011-ci il tarixli qərarları “bir gecənin içində” verilib.

Metronun zərərlərini qapatmaqdan ötrü bu il dövlət büdcəsindən ötənilki qədər – təxminən 38 milyon manat subsidiya ayrılıb. “Bakı Metropoliteni”nin gələn il büdcədən “qoparacağı” məbləğ hələ açıqlanmayıb.

Hətta subsidiya da metronu zərər burulğanından qurtarmaya bilər. Hesablama Palatası bildirib ki, ödənilən subsidiya nəzərə alınmaqla, “Bakı Metropoliteni” QSC ötən ili 28,9 milyon manat zərərlə başa vurub.

Hesablama Palatasının audit yoxlaması müəyyənləşdirib ki, sərnişin daşınmasından yaranan zərərin kompensasiyası üçün verilən subsidiyanın hər 100 manatının 82 manatı - əmək haqqına, qalan 18 manatı işçilərin sosial sığorta ayırmalarına sərf olunur.

2015-ci ildə bir sərnişinin daşınmasına çəkilən xərc 54 qəpik, amortizasiya ayırmaları nəzərə alınmadansa, 32 qəpik olub.