backend

Kasıblara daha bir zərbə: Metroda gediş haqqı qaldırılır - 50 qəpik!

Kasıblara daha bir zərbə: Metroda gediş haqqı qaldırılır - 50 qəpik!















Metroda gediş haqqının 2 dəfə qaldırılacağı ilə bağlı yenidən xəbərlər yayılıb; “Bakı Metropoliteni” QSC isə...

“Bakı Metropoliteni” QSC-də sərnişindaşımaya görə qiymətlərin qaldırılması məsələsi yenidən gündəmə gəlib. İddia olunur ki, ilk yarımildə Bakı metropolitenində sərnişin daşınmasına əvvəlki ildəkindən 40 milyon manat çox xərc çəkilib. Metropoliten rəhbərliyi xərclərin niyə 1,7 dəfə artmasının səbəblərini açıqlamır. Həmçinin Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, yanvar-iyun aylarında “Bakı Metropoliteni” QSC-nin sərnişin daşınmasından əldə etdiyi gəlir 28 milyon 920,6 min manat - ötən ilin eyni dövrünə nisbətən 33,6 faiz çox olub.

Maraqlı olan isə budur ki, məlumatlara görə, ötən aylar ərzində gəlir artsa da metrodan istifadə edən sərnişinlərin sayında 2,6 faiz azalma müşahidə olunub...

Bundan əlavə AzadlıqRadiosunun yaydığı xəbərə görə, əgər ötən il gəlir və xərc nəzərə alınmaqla, bir sərnişinin daşınması metropolitenə 44,9 qəpiyə başa gəlirdisə, bu il həmin göstərici 82,4 qəpiyə çatıb. Bu isə metroda gediş haqlarının artacağını istisna etmir.

Onu da qeyd edək ki, ötən aydan etibarən metroda gediş haqqının 50 qəpiyə qaldırılacağı ilə bağlı sosial şəbəkələrdə, mətbuatda xəbərlər dolaşır. Lakin hələ ki, bu məsələ reallaşdırılmayıb.

Xatırladaq ki, 2013-cü ildə də metroda gediş haqqının qaldırılması məsələsi gündəmə gəlmişdi. Həmin zaman ölkə başçısı İlham Əliyev Bakı və ətraf qəsəbələrinin inkişafına dair II Dövlət Proqramının yekunlarına dair keçirilən konfransdakı çıxışı zamanı bildirmişdi ki, hazırda metroda bir sərnişinin daşınması dövlətə 1 manatdan yuxarı başa gəlir. Yəni əgər bu faktı nəzərə alarsaq, hazırda açıqlanan rəqəmin (82.4 qəpik) 3 il bundan öncə prezidentin söylədiyi rəqəmlə müqayisədə aşağı olduğunu deyə bilərik.

Eyni zamanda o zaman “Bakelektrikşəbəkə” də açıqlama yayaraq bildirmişdi ki, hökumətlə razılaşmaya əsasən “Bakı Metropoliteni” aldığı elektrik enerjisinin pulunu ödəmir.

Demək ki, hazırda müzakirə mövzusu olan elektrikin qiymətində qalxmanın metroda gediş haqqına təsir etməsi məsələsi də gündəm mövzusu ola bilməz...

Nümunə kimi bir sıra ölkələrin metrolarında gediş haqqını təqdim edirik. Belə ki, Kiyev metrosunda gediş haqqı 0.25 AZN, Tiflisdə 0,35 AZN, Moskvada1,25 AZN, Varşavada 1,45 AZN, İstanbulda 2,2 AZN, Berlində 6 AZN, Londonda 8.9 AZN-dir.

Lakin onu da qeyd edək ki, metroda gediş haqqının yüksək olduğu ölkələrdə qatarlarda olan komfort, Azərbaycandakı kimi deyil. Orada sərnişinlər yayın istisində qatarlarda havasızlıqdan əziyyət çəkmirlər. Həmçinin qatarların sürəti də fərqlidir. Xaricdə metro daha sürətli nəqliyyat vasitəsi hesab olunur.

Qiymət artımı ilə bağlı məsələlərə aydınlıq gətirmək üçün “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. N.Paşayev “Yeni Müsavat”a bildirdi ki, qiymət məsələsinə Tarif Şurası baxır: “Biz isə bununla bağlı heç kimə müraciət etməmişik. Eyni zamanda onu da qeyd edim ki, ”Bakı Metropoliteni"nin heç bir quruma borcu yoxdur. Hazırda da metroda gediş haqqı 20 qəpik təşkil edir".