backend

Bakıda daha bir ağackəsmə qalmaqalı: “Dedilər səni dəlixanaya salarıq…”

Bakıda daha bir ağackəsmə qalmaqalı: “Dedilər səni dəlixanaya salarıq…”












Xəbər verildiyi kimi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi 131 ünvanda yerləşən parkdakı ağacların kəsilməsi sakinlərin narazılığına səbəb olub.

Sakinlər deyir ki, ərazi “Abşeron MTK”ya çoxmərtəbəli bina tikintisi üçün satılıb və indi kimlərsə xəlvəti ağacları kəsərək ərazini tikinti üçün təmizləyir. Parkın məhv edilməsinə etiraz olaraq aksiyada sakinlərdən biri – Qarabağ əlili Rövşən Qafarovun üstünə benzin tökərək özünü yandırmaq istəyib. Virtualaz.org saytının əməkdaşları ərazidə olub, sakinlərin şikayətini dinləyiblər.

“Tikinti başlasa yenə etiraza çıxacağıq…”

Oktyabrın 5-də keçirilən aksiyadan sonra parkın giriş-çıxışında polis maşınları dayanıb. Amma parkda toplaşan sakinlər tikintiyə icazə verməməkdə qərarlıdırlar. “Tikinti aparılarsa biz yenidən etiraz edəcəyik. Hələlik Suraxanı rayon Prokurorluğunun araşdırmasını gözləyirik”, -sakinlərdən biri deyir.

Dünənki aksiyada benzin tökərək özünü yandırmaq istəyən Rövşən Qafarov da araşdırmanın nəticəsini gözləyir: “Bu park 1980-ci ildə salınıb. Ötən ildən burda bina tikiləcəyi bildirilirdi. Mayın 16-da isə gecə satlarında 19 şam ağacı kəsilib. Həmin ağacı kəsən 5 nəfəri biz öz əllərimizlə polis bölməsinə təhvil vermişik. Amma 19 ağaca görə cəmi bir nəfər 2200 manat cərimələnib”.

“Abşeron MTK”-ya ərazini Bakı şəhər İcra Hakimiyyəti satıb

Sözügedən ərazidə tikinti aparacaq “Abşeron MTK” şirkəti bu ilin mayın 5-də Bakı Şəhər İcra Hakimiyyətindən icazə sənədi alıb. Sakinlər iddia edirlər ki, mayın 16-da ağacların kəsilməsi təsadüfi deyil, tikintiyə hazırlıq məqsədilə edilib. “Əvvəlcə parkın yuxarısına tullantılar atıldı. Guya ki, park baxımsızdır, yəni bu cür görüntü yaratmaq istədilər. Sonra isə ağaclar kəsildi. 5 nəfər saxlandığı halda yalnız bir nəfər cərimələndi, o da hüquqi şəxs kimi deyil, fiziki şəxs kimi sənədləşdirilib. Bu isə şirkətin qorunması məqdəsilə edilib. Sakinlərin şikayətlərindən sonra parkda yeni ağaclar əkildi. 3 aydır bu şirkətdən səs-soraq yoxdur. Dünən təkrar əraziyə gəlib tikinti aparılacağını dedilər. Deməli yeni əkilən ağaclar və digərləri də bu yaxınlıqda kəsiləcək”, - R.Qafarov deyir.

“Dedilər istəsək səni dəlixanaya göndərərik…”

Şikayətçi onu da söyləyir ki, sakinlərin müraciətinə məhəl qoyan yoxdur. “Dünən tikinti şirkətinin nümayəndələri gəlmişdilər. Onlar polisə müraciət etdilər ki, sakinləri dağıtsınlar. Hamının yanında bildirdilər ki, hər şey əlimizdədir, istədiklərimizi edəcəyik. Mən özümü öldürməkdən başqa çıxış yolu görmədim, bu qədər haqqsızlıq olmaz. Deyirlər ki, istəsək səni dəlixanaya da göndərərik. Beləliklə insanların gözünü qorxutmaq istəyirlər. Mən isə prokurorluğun işi düzgün araşdıracağına inanıram. Bütün sənədlər polis bölməsindən götürülüb. Hadisə ilə bağlı 125-ci maddəsilə (özünü öldürmək həddinə çatdırmaq) cinayət işi açılıb. 102 xidmətinə 4 dəfə müraciət etmişəm. Bu da sənədlərdə əksini tapıb”.

Prezidentə müraciət imzalanıb

Sözügedən park 275 və 279 saylı orta məktəblərin yaxınlığında yerləşir. Daha dəqiq desək, məktəbləri parkla yalnız bir yol ayırır. Parkın girəcəyində isə 149 saylı uşaq bağçası yerləşir. İki orta məktəbin, bir bağçanın yerləşdiyi ərazidə piyadaların hərəkəti üçün səki yoxdur. Uşaqlar məcburən ya yaxınlıqdakı binaların həyətindən, ya da parkın içindən keçib getməlidirlər.

Sakinlər deyirlər ki, tikintinin dayandırılması üçün ölkə başçısına təkrar müraciət ediblər.

Müraciəti 60 ailə imzalayıb. Parkın yaxınlığındakı 131 saylı 9 mərtəbəli binanın həyəti yoxdur. Sakinlər blokdan birbaşa yola çıxırlar. Bina sakini Səidə Məmmədova deyir ki, bu park uşaqların oynadığı yeganə məkandır. “Uşaqlar yalnız parkda oynayırlar, biz yayda burda dincəlirik. Bu park olmasa neyləyəcəyik? Gərək onda uşaqları çölə buraxmayaq. Səhərə qədər maşınların səsindən yatmaq olmur. 8 bloklu binada onlarla sakinin yeganə dincəldiyi yer bu parkdır, onu da əlimizdən alırlar”,- S.Məmmədova narazılığını bildirir.

Bina sakini Validə Nəbiyeva isə deyir ki, sonadək mübarizə aparmağa hazırdılar: “Bizə bir sənəd göstərirlər. Amma sənəddə nə yazılıb bilmirik. Surətini də vermirlər ki, rəsmi dövlət qurumlarına göndərək. Park məhv edilsə nəinki dincəlmək mümkün olmayacaq, hətta hərəkət də məhdudlaşacaq”.

“Sənədin surətini vermək istəmir…”

Digər sakin Aidə xanım isə tikinti şirkətinin təqdim etdiyi sənədin surətini tələb edir. “Bizim ölkə başçısına göndərdiyimiz müraciətə cavab gəlib. Yazıblar ki, parkın ərazisində yaşıllıqların məhv edilməsi, tikinti aparılması yolverilməzdir. Bir yandan tikintiyə icazə verilib, digər yandan ağac əkilib. Tikinti şirkəti sənədin surətini vermək istəmir. Baxaq görə ki, orada hansı ünvan yazılıb, tikinti hansı əraziləri əhatə edəcək. Şirkət mətbuata açıqlamasında parkın ərazisində tikinti olmayacağını deyir. Bəs niyə ölçü götürülür, ağaclar kəsilir? Hətta siz adi addımlarla ölçün, onların dedikləri ərazi parkın düz çıxışına düşür. Deməli yenə ağaclar qırılacaq, uşaqların hərəkəti üçün yer qalmayacaq”.

Sakinlər hələlik gözləmə mövqeyindədirlər. Lakin hər an ağacların yenidən kəsiləcəyi, tikintinin aparılacağını əsas gətirərək parkı nəzarətsiz qoymurlar.

Suraxanı Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına parkla bağlı məsələdən xəbərdar olduqlarını desələr də, açıqlama vermək istəmədilər. Halbuki İcra Hakimiyyətinin 05.08.2016-ci il tarixli cavab məktubunda ərazidə yeni ağaclar əkiləcəyi bildirilib.


Bakıda daha bir ağackəsmə qalmaqalı: “Dedilər səni dəlixanaya salarıq…”
Bakıda daha bir ağackəsmə qalmaqalı: “Dedilər səni dəlixanaya salarıq…”
Bakıda daha bir ağackəsmə qalmaqalı: “Dedilər səni dəlixanaya salarıq…”
Bakıda daha bir ağackəsmə qalmaqalı: “Dedilər səni dəlixanaya salarıq…”
Bakıda daha bir ağackəsmə qalmaqalı: “Dedilər səni dəlixanaya salarıq…”
Bakıda daha bir ağackəsmə qalmaqalı: “Dedilər səni dəlixanaya salarıq…”
Bakıda daha bir ağackəsmə qalmaqalı: “Dedilər səni dəlixanaya salarıq…”