backend

Qazax bazarı…içində min bir azar

Qazax bazarı…içində min bir azar













Bu bazar əlli ildən artıqdır Qazax şəhərinin göbəyində – əhalinin daha sıx, nəqliyyatın daha gur yerində bərqərar olub


Dörd yol arasında bir hektardan çox sahəni əhatə edir. Əvvəllər kənd camaatı alın təri ilə yetişdirdikləri məhsulları, mer-meyvəni bu bazara çıxarar, qollarını çırmayıb alış-veriş edər, öz ailələrini dolandırardılar. Həmin dövrlərdə piştaxta arxasında daimi alverçi tək-tək olardı… Amma zaman, quruluş dəyişəndən sonra digər kolxoz bazarları kimi bu bazar da get-gedə öz “profilini” dəyişməyə başladı. Belə ki, piştaxtaların üstünə kartofsoğan, göy-göyərti əvəzinə qaloş, çəkələk, iynə-sap, kolbasa, balıq, pal-paltar düzüldü. Beləliklə də peşəkar alverçilər bazarda lövbər saldılar. Binəva kəndlilərin min bir zəhmətlə yetişdirdikləri məhsullar alverçilərin əlinə keçdi və kənd adamlarını bazarın astanasında qarşılayıb gətirdiklərini su qiymətinə alıb, iki-üç qat artığına satmağa başladılar. Elə bazarkomlara da bu lazım idi: çünki daimi müştərilərlə dil tapmaq onlara sərf edirdi. Keçək əsl mətləbə.Yəni Qazax kolxoz bazarının bu gün içində və ətrafında baş verənlərə nəzər salaq. Sovetlər dövründə inşa edilən bazarın bir hissəsinin üstü-örtülü, bir hissəsi isə açıq piştaxtalardan ibarət olub. Son illər bu üstüörtülü bina qaloş, ayaqqabı, iynə-sancaq satanların ixtiyarına verilib. Bayırdakı piştaxtaların çox böyük hissəsi palpaltar, çəkələk, araq satanlara paypuş edilib. Digər bir hissə dəmirdümür satanların, peç düzəldənlərin ixtiyarındadır. Cəmi-cümlətanı beş-altı piştaxta var. Oranı da kartof- soğan, göy-göyərti alverçiləri zəbt edib. Bax belə olduğu halda bazara kənd təsərrüfatı məhsullarını satmağa çıxaranlar məcbur olub bazarətrafı nəqliyyat yollarında, özü də toz- torpaq içində oturub antisanitariya vəziyyətində alış-veriş edirlər. Dəfələrlə rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları bazarın əsil hüququ sahibi Nazim Hadıyevə bu küçə bazarını yığışdırıb bazar daxilinə keçirməyi təklif etsə də heç bir nəticə hasil olmayıb. Ona görə ki, piştaxtalar və üstüörtülü bina yuxarıda qeyd etdiyimiz alverçilərin ixtiyarındadır. Dəhşətli burasıdır ki, başda bazarkom Nazim Hadıyev olmaqla rüsum yığan Yeganə xanım, Rauf bəy, mühasib Alik bəy topladıqları pulların əvəzinə vətəndaşlara rüsum çekləri vermirlər. Baytar həkimi Arif bəy satılan süd və ət məhsullarını laboratoriya analizindən keçirmədən haqq alır, satışa göz yumur.Antisanitariya, üfunət hiddət doğurur. Qazax bazarında vəziyyət belədir. Qurdalasan min bir əmma çıxar.