KOLLEKTORLARIN QANUNSUZ BAĞLANMASI, İÇMƏLİ SU QURĞULARININ NƏZARƏTSİZ QALMASI VƏ “ÖLÜ CANLAR” İDDİALARI ARAŞDIRILMALIDIR!
Dövlətin su ehtiyatlarının qorunması, meliorasiya sistemlərinin normal fəaliyyəti və əhalinin təhlükəsiz içməli su ilə təmin olunması hər hansı vəzifəli şəxsin şəxsi maraqlarından üstün tutulmalı olan dövlət və ictimai məsuliyyətdir. Bu sahədə səsləndirilən ciddi iddialar isə aidiyyəti qurumların susqunluğu ilə deyil, obyektiv və hərtərəfli araşdırma ilə cavablandırılmalıdır.Son vaxtlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudovun fəaliyyəti ilə bağlı redaksiyamıza daxil olan məlumatlar ciddi narahatlıq doğurur. Həmin məlumatlarda dövlət mülkiyyətində olan kollektorların qanunsuz torpaq bəndləri ilə bağlanması, kollektor sularının suvarma suyu adı altında fermerlərə satılması, modul tipli su təmizləyici qurğuların nəzarətsiz saxlanılması, eləcə də faktiki işləməyən şəxslərə əməkhaqqı hesablanması kimi ağır iddialar yer alır.
Təbii ki, bu iddiaların hər biri ayrıca araşdırılmalı, sənədlərlə təsdiqlənməli və hüquqi qiymətini almalıdır. Ancaq səsləndirilən məlumatların xarakteri məsələnin adi təsərrüfat nöqsanı səviyyəsində olmadığını göstərir. Burada söhbət dövlət əmlakından, ekoloji təhlükəsizlikdən, büdcə vəsaitlərindən və ən başlıcası, insanların sağlamlığından gedir.
Kollektorlar kimin maraqlarına xidmət edir?
Məlumatlarda bildirilir ki, Mil-Qarabağ və digər kollektorların qarşısı bir neçə nöqtədə torpaq bəndləri vurulmaqla bağlanıb. İddialara görə, bunun nəticəsində kollektor sistemlərində toplanan suların istiqaməti dəyişdirilir, suvarmaya yararsız, yüksək duzluluğa malik sular isə fermerlərə suvarma suyu adı altında təqdim olunur.
Əgər bu məlumatlar təsdiqini taparsa, söhbət təkcə vəzifə səlahiyyətlərindən sui-istifadə ehtimalından getməyəcək. Belə müdaxilələr kollektor-drenaj sistemlərinin texniki təyinatını poza, qrunt sularının səviyyəsinin yüksəlməsinə, torpaqların şoranlaşmasına, əkin sahələrinin münbitliyinin azalmasına və ətraf ərazilərdə ekoloji problemlərin yaranmasına səbəb ola bilər.
Kollektorların əsas funksiyası artıq və qrunt sularının ərazidən kənarlaşdırılması, torpaqların meliorativ vəziyyətinin qorunmasıdır. Bu sistemlərin özbaşına dəyişdirilməsi isə bütövlükdə ərazinin su balansına mənfi təsir göstərə bilər.
Burada haqlı suallar yaranır: Dövlətin balansında olan kollektorların qarşısına torpaq bəndləri hansı əsasla çəkilib? Bu işlərə kim icazə verib? Texniki layihə və müvafiq razılıq sənədləri varmı? Kollektor sularının fermerlərə verilməsi hansı qaydalarla həyata keçirilir? Əgər suvarmaya yararsız suyun satışından gəlir əldə olunursa, həmin vəsait hara yönəldilir?
Bunlar cavabsız qala bilməyəcək suallardır.
İçməli su qurğuları nəzarətsiz qala bilərmi?
Daha ciddi narahatlıq doğuran məqam isə idarənin balansında olduğu bildirilən modul tipli su təmizləyici qurğuların fəaliyyəti ilə bağlıdır.
Redaksiyaya təqdim edilən məlumatlarda iddia olunur ki, əhalinin içməli su ilə təmin olunması üçün nəzərdə tutulan bəzi qurğularda işçilər iş saatlarında öz iş yerlərində olmur, qurğuların xidməti qapıları bağlı saxlanılır. Fotoşəkillərin də bu halları əks etdirdiyi bildirilir.
Əgər bu iddialar doğrudursa, məsələ artıq idarədaxili intizam pozuntusu çərçivəsini aşır. Çünki içməli suyun təmizlənməsi və əhaliyə çatdırılması fasiləsiz texniki nəzarət, laborator yoxlamalar və sanitariya normalarına ciddi riayət olunmasını tələb edir.
Su təmizləyici qurğuların operator nəzarəti olmadan işləməsi, suyun keyfiyyətinin mütəmadi yoxlanılmaması və dezinfeksiya prosesinin lazımi qaydada aparılmaması insanların sağlamlığı üçün ciddi risk yarada bilər. Mikrobioloji və kimyəvi çirklənməyə məruz qalmış su müxtəlif yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər.
Bu səbəbdən məsələ yalnız işçinin iş yerində olub-olmaması ilə məhdudlaşmır. Əsas sual budur: həmin qurğulardan əhaliyə verilən suyun keyfiyyəti müstəqil laborator müayinələrlə yoxlanılırmı? Son analizlərin nəticələri necədir? Qurğuların texniki vəziyyəti və dezinfeksiya sistemlərinin işləkliyi kim tərəfindən yoxlanılır?
Əgər içməli su qurğularında real nəzarətsizlik mövcuddursa, aidiyyəti qurumların hadisə baş verdikdən sonra deyil, indidən tədbir görməsi vacibdir. İnsan sağlamlığı ilə bağlı risklərin araşdırılmasını sabaha saxlamaq olmaz.
“Ölü canlar” iddiası: dövlət büdcəsindən ayrılan əməkhaqları kimə çatır?
Materiallarda yer alan digər ağır iddia isə modul tipli qurğularda faktiki işləməyən şəxslərin rəsmi sənədlərdə işçi kimi göstərilməsi və onlara əməkhaqqı hesablanması ilə bağlıdır.
İddia olunur ki, həmin şəxslərə yazılan əməkhaqlarının müəyyən hissəsi sonradan başqa şəxslərə ötürülür. Əgər bu məlumatlar təsdiqlənərsə, burada dövlət vəsaitlərinin mənimsənilməsi və əməkhaqqı ödənişləri ilə bağlı mümkün qanun pozuntularının araşdırılması zərurəti yaranır.
Bu istiqamətdə də yoxlama aparılması üçün kifayət qədər konkret suallar mövcuddur: Qurğular üzrə təsdiq edilmiş ştat cədvəli necədir? İşçilərin faktiki işə davamiyyəti elektron və digər qeydiyyat sistemləri ilə yoxlanılırmı? Əməkhaqqı ödənişləri hansı sənədlər əsasında həyata keçirilir? İşə gəlmədiyi iddia olunan şəxslərin adlarına ödənilən vəsaitlərin sonrakı hərəkəti araşdırılıbmı?
Dövlət büdcəsindən ayrılan hər bir manatın təyinatı üzrə xərclənməsi təmin edilməlidir. Heç bir vəzifəli şəxs dövlət vəsaitinə şəxsi gəlir mənbəyi kimi yanaşa bilməz.
Agentlik və hüquq-mühafizə orqanları niyə susmalıdır?
Bütün bu iddialar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi, müvafiq nəzarət strukturları və hüquq-mühafizə orqanları tərəfindən diqqətlə araşdırılmalıdır.
Xüsusilə kollektorların texniki vəziyyəti yerində yoxlanılmalı, torpaq bəndlərinin hansı əsasla çəkildiyi müəyyənləşdirilməli, suyun keyfiyyəti laborator analizlərdən keçirilməli, modul qurğuların fəaliyyətinə və işçilərin davamiyyətinə dair sənədlər yoxlanılmalıdır.
Zərurət yarandığı halda maliyyə sənədləri, əməkhaqqı cədvəlləri və bank ödənişləri də müvafiq qanunvericiliyə uyğun araşdırılmalıdır.
Burada bir məqamı xüsusi vurğulamaq lazımdır: jurnalist araşdırmasının məqsədi kimisə əvvəlcədən təqsirli elan etmək deyil. Məqsəd ictimai əhəmiyyət daşıyan məlumatları üzə çıxarmaq, cavabdeh şəxslərin mövqeyini öyrənmək və qanun pozuntusu varsa, onun aradan qaldırılmasına nail olmaqdır.
Redaksiya olaraq Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin bu istiqamətdəki cəhdlərimiz nəticəsiz qaldı. Qarşı tərəfin mövqeyini təqdim etmək üçün imkan yaradılacağı təqdirdə onun açıqlamasını dərc etməyə hazırıq.
Son sual: dövlətin su ehtiyatları qorunur, yoxsa şəxsi maraqlara qurban verilir?
Su təsərrüfatı strateji sahədir. Burada baş verən hər bir qanunsuzluq təkcə bir idarənin və ya bir vəzifəli şəxsin fəaliyyəti ilə məhdudlaşmır. Onun nəticələri fermerlərin təsərrüfatına, torpaqların münbitliyinə, ətraf mühitə və əhalinin sağlamlığına təsir göstərə bilər.
Ona görə də Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində baş verdiyi iddia olunan hallara formal yoxlama ilə kifayətlənmək olmaz. Araşdırma obyektiv, şəffaf və nəticəyönümlü aparılmalıdır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Baş Prokurorluq və digər aidiyyəti qurumlar bu iddialara aydınlıq gətirməlidirlər.
Tural Mahmudovun rəhbərlik etdiyi idarədə kollektorların qarşısının bağlanması, suyun fermerlərə satılması, içməli su qurğularının nəzarətsiz saxlanılması və faktiki işləməyən şəxslərə əməkhaqqı ödənilməsi iddiaları təsdiqini tapacaqmı?
Yoxsa bütün bunların arxasında tamam başqa mənzərə dayanır?
Cavab gözləyirik. Çünki söhbət kiminsə şəxsi marağından deyil, dövlətin əmlakından, xalqın suyundan və insanların sağlamlığından gedir.
Qaynarxett.az