Tamaşanın quruluşçu rejissoru Murad Allahverdi, rejissoru Elçin Muradov, təşkilati işlər üzrə rəhbəri Dilarə İsgəndərzadə, prodüseri isə Nailə Mirzəzadədir. Dünya Teatrının təqdimatında müəllim və
şagirdlər eyni səhnəni bölüşərək əsərin obrazlarını canlandırıblar. Tamaşada millət vəkili Cavanşir Feyziyev və digər dəvətli qonaqların iştirakı ilə keçirilib.
Tamaşada iştirak edən aktyorlar: Elçin Muradov, Kübra Quliyeva, Tahirə
Bayramova, Lalə Namazova, Elşad Rzayev, Əli Əhədzadə, Ülviyyə Rza,
Arian Zamiri, Hüseyn Nağıyev, Ayaz Məmmədov və Tunar Behbudludur.
Əsərin mərkəzində dayanan Qəhrəman yüzbaşı obrazı pyesin əsas mənəvi konfliktini-qisas hissi ilə
mərhəmət arasındakı mübarizəni ifadə edir. Dostlarının ermənilər tərəfindən öldürülməsi onun
daxilində intiqam istəyi ilə insan həyatına və mənəvi dəyərlərə hörmət arasında dərin qarşıdurma yaradır.
Cəlil Məmmədquluzadə bu obraz vasitəsilə müharibənin insan talelərində açdığı yaraları, milli ədavətin faciəvi nəticələrini və humanizmin mənəvi gücünü ön plana çəkir. Tamaşanın yaradıcı xüsusiyyətlərindən biri də orijinal əsərin süjetinə daxil edilən improvizasiya elementləri olub.
Pyesdəki erməni kamançaçı Baxşının ifası ilə yanaşı, səhnə təqdimatında azərbaycanlı kamançaçı obrazına da yer verilib. İki kamançaçının ifası üzərində qurulan səhnələr musiqinin dili ilə
münaqişənin yaratdığı faciəni, qarşıdurmanı və sənətin birləşdirici gücünü ifadə edib. Bu yaradıcılıq əsərin ideya xəttini genişləndirərək tamaşaya əlavə bədii çalarlar qazandırıb.
Pyesin finalında qisas hissinin mərhəmət qarşısında geri çəkilməsi müəllifin humanist mövqeyini ifadə edir. Bu baxımdan “Kamança” milli yaddaşı, insanlıq dəyərlərini və mənəvi seçimin əhəmiyyətini ön
plana çəkən dramaturji nümunədir.
Tamaşadan sonra çıxış edən professor Hamlet İsaxanlı səhnə əsərini yüksək qiymətləndirib.
O, xüsusilə orijinal süjetə əlavə olunan improvizasiya elementlərinin təqdimata gətirdiyi yaradıcı yeniliyi
qeyd edib və vurğulayıb: “Sənət bizi birləşdirir”.
Dünya Teatrının bu təqdimatı Cəlil Məmmədquluzadənin klassik əsərini Zəfər Gününün tarixi və
mənəvi məzmunu ilə əlaqələndirib. Vətənə bağlılıq, milli-mədəni irsə hörmət və kamançanın
Azərbaycan musiqi mədəniyyətindəki yeri tamaşanın əsas ifadə vasitələri kimi çıxış edib.






