DataLife Engine / Nərimanovda parkın ərazisini “MADO”ya kim satıb? – VİDEO

Nərimanovda parkın ərazisini “MADO”ya kim satıb? – VİDEO

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən abadlıq və quruculuq işləri, paytaxt Bakının müasirləşdirilməsi, köhnə və yararsız tikililərin yerində yeni istirahət parklarının salınması, yaşıllıq zolaqlarının genişləndirilməsi şəhər sakinlərinin rahatlığının təmin edilməsinə xidmət edir. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, ətraf mühitin qorunması, yaşıllıqların artırılması və insanların sağlam yaşayış mühitinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Lakin təəssüf doğuran məqam odur ki, paytaxtın bəzi ərazilərində bu siyasətin tam əksinə olan mənzərə ilə qarşılaşırıq. Belə ki, vətəndaşların istirahəti üçün nəzərdə tutulan parkların ərazisinin müxtəlif obyektlərin genişləndirilməsi məqsədilə zəbt edilməsi, ağacların kəsilməsi və yaşıllıq sahələrinin tikinti meydançasına çevrilməsi ciddi narahatlıq doğurur.

Nərimanov rayonunda baş verənlər də bu baxımdan ciddi suallar yaradır.

Nyus.Az-ın redaksiyasına daxil olan video görüntülərdən aydın olur ki, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 ünvanında yerləşən istirahət parkının bir hissəsi hasara alınaraq ərazidə dəmir konstruksiyalardan ibarət ikimərtəbəli tikinti işləri aparılır.

Sakinlərin iddialarına görə, tikinti işləri nəticəsində parkın ərazisi daraldılıb, çoxsaylı ağaclar kəsilib və uzun illər insanların istirahət etdiyi yaşıllıq sahəsi əvvəlki görkəmini itirib.

Ərazidə yaşayan sakinlər Nyus.Az-a bildiriblər ki, onlar uzun illərdir bu parkdan istirahət məqsədilə istifadə ediblər. Uşaqların oynadığı, ailələrin asudə vaxt keçirdiyi bu ərazinin indi tikinti sahəsinə çevrilməsi sakinlərin haqlı narazılığına səbəb olub.

Sakinlərin sözlərinə görə, ərazidə fəaliyyət göstərən “MADO” restoranının genişləndirilməsi istiqamətində işlər aparılır. Onlar parkın bir hissəsinin hansı əsasla hasara alındığını, ağacların kəsilməsinə və tikintiyə kimin icazə verdiyini aydınlaşdırmaq istəyirlər.

Bəs görəsən, ictimai istifadə üçün nəzərdə tutulmuş istirahət parkının ərazisində tikinti işlərinin aparılmasına hansı qurum razılıq verib? Ərazinin təyinatı dəyişdirilibmi? Tikintinin müvafiq icazə və layihə sənədləri varmı? Ən əsası, sakinlərin istirahət hüququna və şəhərin yaşıllıq fonduna kim cavabdehlik daşıyır?

Sakinlərin bildirdiyinə görə, məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilsə də, onların narazılığına səbəb olan vəziyyət aradan qaldırılmayıb. Bu isə haqlı olaraq belə bir sual doğurur: Rayon İcra Hakimiyyəti baş verənlərdən xəbərsizdir, yoxsa mövcud vəziyyətə göz yumur?

Rayon rəhbərliyi niyə susur?

Xüsusilə diqqət çəkən məqam odur ki, söhbət adi tikinti mübahisəsindən deyil, sakinlərin ümumi istifadəsində olan istirahət parkının ərazisindən gedir. Əgər həqiqətən də parkın torpaq sahəsi qanunsuz şəkildə zəbt edilibsə, bu məsələyə dərhal hüquqi qiymət verilməli, tikintinin qanuniliyi araşdırılmalı və yaşıllıqlara vurulan zərər müəyyənləşdirilməlidir.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevdən soruşuruq: Əhməd Rəcəbli küçəsi 3 ünvanında baş verənlərdən məlumatınız varmı? Parkın ərazisində aparılan tikinti hansı sənədlər əsasında həyata keçirilir? Sakinlərin müraciətləri niyə nəticəsiz qalır?

Digər tərəfdən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də bu məsələyə münasibəti maraq doğurur. Axı söhbət ağacların kəsilməsi və yaşıllıq sahəsinin mümkün qanunsuz zəbtindən gedir. Nazirliyin aidiyyəti qurumları əraziyə baxış keçirib araşdırma aparıbmı?

Ümid edirik ki, bu yazıdan sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər aidiyyəti dövlət qurumları məsələyə operativ münasibət bildirəcək, əraziyə baxış keçirəcək və qanun pozuntusu müəyyən edilərsə, müvafiq tədbirlər görüləcək.

Parklar ayrı-ayrı şəxslərin kommersiya maraqları üçün deyil, insanların sağlamlığı və istirahəti üçün mövcuddur!

Nyus.Az olaraq məsələni diqqətdə saxlayacaq, aidiyyəti qurumların mövqeyini dərc etməyə və araşdırmanın nəticələrini oxucularımıza çatdırmağa hazırıq./Nyus.Az/

Qaynarxett.Az
Bu gün, 16:28
Вернуться назад