20 Noyabr – Ağdam şəhəri günü Azərbaycanın tarixi Zəfərinin və ərazi bütövlüyünün bərpasının rəmzlərindən biridir. 2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad olunması ilə şəhərin tarixində yeni mərhələ başlayıb.
Milli Məclisin deputatı Arzuxan ƏlizadəAğdam şəhəri günü münasibətilə Yenigun.Media -ya açıqlamasında şəhərin işğaldan azad olunmasının tarixi əhəmiyyətindən, aparılan bərpa-quruculuq işlərindən və gələcək inkişaf perspektivlərindən danışıb.
Deputat bildirib ki, Ağdamın 2020-ci il noyabrın 20-də işğaldan azad olunması 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin nəticələrindən biri olmaqla yanaşı, uzun illər doğma torpaqlarından didərgin düşmüş ağdamlıların öz yurdlarına qayıdışına aparan yolun başlanğıcıdır.
Onun sözlərinə görə, Ağdam 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra şəhərin tarixi-mədəni irsi, yaşayış binaları və infrastrukturu dağıdılıb. Bu baxımdan şəhərin azad olunması yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də tarixi ədalətin təmin edilməsidir.
Arzuxan Əlizadə qeyd edib ki, bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin gələcək inkişafının əsasını təşkil edir. Müasir şəhər infrastrukturu yaradılır, yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, sosial obyektlər, yollar və digər zəruri layihələr həyata keçirilir.
Deputat bildirib ki, Ağdamın tarixi və mədəni irsinin qorunması, mühüm memarlıq nümunələrinin bərpası da diqqət mərkəzindədir. İmarət Kompleksinin, Cümə məscidinin və digər tarixi məkanların bərpası şəhərin keçmişi ilə gələcəyini birləşdirən mühüm addımlardır.
O, Ağdamın iqtisadi və sənaye potensialının geniş olduğunu vurğulayıb. Qeyd edib ki, şəhərin əlverişli coğrafi mövqeyi, kənd təsərrüfatı üçün yararlı torpaqları, sənaye ənənələri və nəqliyyat-kommunikasiya imkanları gələcək inkişaf üçün mühüm üstünlüklər yaradır.
Deputatın sözlərinə görə, xüsusilə Ağdam Sənaye Parkının fəaliyyəti böyük əhəmiyyət daşıyır. Burada yeni istehsal müəssisələrinin yaradılması, yerli və xarici investorların cəlb edilməsi, tikinti materialları, emal sənayesi və digər istehsal sahələrinin inkişafı üçün imkanlar mövcuddur.
Arzuxan Əlizadə kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqini, aqrar emal müəssisələrinin yaradılmasını, məhsuldarlığın artırılmasını və fermer təsərrüfatlarının dəstəklənməsini də vacib istiqamətlər kimi dəyərləndirib. Bununla yanaşı, şəhərin tarixi-mədəni irsi və Qarabağın turizm potensialı əsasında turizm sektorunun inkişafının iqtisadi həyata əlavə dinamika verəcəyini bildirib.
Deputat hesab edir ki, Ağdamın gələcəyini yalnız yenidən tikilən binalarla deyil, burada yaradılacaq iqtisadi imkanlar, yeni iş yerləri, inkişaf edən sahibkarlıq mühiti və formalaşacaq sosial həyatla qiymətləndirmək lazımdır. Böyük Qayıdışın uğurlu olması üçün sakinlərin iş, təhsil, səhiyyə və digər sosial xidmətlərlə təmin edilməsi vacibdir.
Arzuxan Əlizadə vurğulayıb ki, Ağdamın Qarabağın mühüm iqtisadi, sənaye və mədəni mərkəzlərindən birinə çevrilməsində dövlət investisiyaları ilə yanaşı, özəl sektorun fəallığı və uzunmüddətli iqtisadi təşəbbüslər də mühüm rol oynayacaq. Əsas məqsəd Ağdamı insanların yaşadığı, çalışdığı, istehsal etdiyi və gələcəyini qurduğu müasir şəhərə çevirməkdir.