DataLife Engine / Əli Məsimli onlayn formatda vətəndaşların müraciətlərini dinləyib

Əli Məsimli onlayn formatda vətəndaşların müraciətlərini dinləyib

Milli Məclisin deputatı Əli Məsimli növbəti vətəndaş qəbulunu keçirib.

Qaynarxett.az xəbər verir ki, deputat 2026-cı il noyabrın 27-də onlayn formatda təşkil olunan qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olub, onların müraciət və təkliflərini dinləyib.
Hər bir müraciət qeydiyyata alınaraq qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün deputatın köməkçisinə tapşırıqlar verilib.
Qəbul zamanı əsas diqqət Qax rayonunda fəaliyyət göstərən fermerlərin və ev təsərrüfatlarının üzləşdiyi problemlərə yönəlib. Vətəndaşlar bitkiçilik və heyvandarlığın inkişafı zamanı qarşılaşdıqları çətinlikləri, eləcə də Vergi Məcəlləsinə edilməsi gözlənilən dəyişikliklərlə bağlı narahatlıqlarını diqqətə çatdırıblar.
Aparılan müzakirələr zamanı fermerlərin və ev təsərrüfatlarının istehsal etdikləri məhsulların dövlət tərəfindən satın alınması, yaxud bu məqsədlə müvafiq təhvil və tədarük məntəqələrinin yaradılması təklif olunub.
Bildirilib ki, belə məntəqələrin yaradılması fermerlərin istehsal etdikləri məhsulları bazarın tələblərinə uyğun və münasib qiymətlərlə satışa çıxarmasına, eyni zamanda kənd təsərrüfatı məhsullarının satışında qarşılaşdıqları çətinliklərin azaldılmasına şərait yarada bilər.
Əli Məsimli qəbul zamanı qaldırılan məsələlərin hər biri ilə bağlı aidiyyəti icra strukturlarına rəsmi müraciətlər ünvanlanacağını bildirib.
Deputat vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan problemlərin həlli istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Bu gün, 08:20
Вернуться назад