Qaynarxett.az xəbər verir ki, Sabunçu rayonu, Nikolay Baybakov küçəsi 258 ünvanında təşkil olunan qəbulda sakinlərin müraciətləri dinlənilib, onları narahat edən sosial və məişət problemləri müzakirə olunub.
Görüşdə müraciət edən vətəndaşlar arasında qazilər də yer alıb. Sakinlər gündəlik həyatlarında qarşılaşdıqları çətinlikləri, mövcud problemləri və onların həlli ilə bağlı təkliflərini deputatın diqqətinə çatdırıblar.
Arzuxan Əlizadə qaldırılan məsələlərin diqqətdə saxlanılacağını və həlli istiqamətində aidiyyəti dövlət qurumları qarşısında müvafiq müraciətlərin ediləcəyini bildirib.
Qəbul zamanı xüsusilə Sabunçu rayonunda yol, su təchizatı və kanalizasiya infrastrukturu ilə bağlı problemlər ön plana çıxıb. Qeyd olunub ki, bu istiqamətlərdə mövcud çətinliklər sakinlərin gündəlik yaşayışına birbaşa təsir edir və məsələlərin sistemli şəkildə həlli vacibdir.
Deputat bu problemlərin aradan qaldırılmasında bələdiyyələrin rolunun artırılmasının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bələdiyyələrin real səlahiyyətləri və maliyyə imkanları genişləndirilməli, yerli infrastruktur ehtiyacları əvvəlcədən müəyyənləşdirilməli, kommunal qurumlarla bələdiyyələr arasında koordinasiya gücləndirilməlidir.
Arzuxan Əlizadə qeyd edib ki, konkret icra planlarının hazırlanması və yerli özünüidarəetmə orqanlarının sosial-iqtisadi proseslərdə daha fəal iştirakı bir sıra problemlərin davamlı həllinə imkan yarada bilər.
Deputat əlavə edib ki, bələdiyyələrin maliyyə imkanlarının artırılması və onların yerli məsələlərin həllində iştirakının genişləndirilməsi zərurəti Milli Məclisdə də mütəmadi müzakirə olunan məsələlərdəndir.
Vətəndaş qəbullarının keçirilməsində əsas məqsəd sakinlərin müraciətlərini birbaşa dinləmək, onları narahat edən problemləri aidiyyəti qurumların diqqətinə çatdırmaq və həlli istiqamətində müvafiq addımların atılmasına nail olmaqdır.






