backend

Bakı metrosunda dəhşətli faciə - TERROR

Bakı metrosunda dəhşətli faciə - TERROR

21 il öncə bu gün Bakı metrosunda baş verən yanğın nəticəsində böyük faciə yaşandı.

Publika.az xəbər verir ki, 1995-ci il 28 oktyabr tarixində “Ulduz” və “Nərimanov” stansiyaları arasında qatar tuneldə alışıb. Nəticədə 289 nəfər (16 qadın, 28 uşaq, 3 xilasedici) həlak olub, 270 nəfər yaralanıb.

Prezident Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 günlük matəm elan edilib. Həmçinin, qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə bir milyon manatlıq yardım verilməsi təmin olunub.
Bu hadisə “Ginnesin rekordlar kitabı”na dünyada ən böyük metro qəzası olaraq düşüb.

İstintaq araşdırmalarına görə, tələfatın böyük olmasına səbəb qatarı idarə edən sürücünün səhvi olub. Belə ki, “maşinist” yanğın başlayan zamanı qatarı tuneldə saxlayıb. İnsanlar təşviş içində vaqonlardan çıxaraq qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğuna görə tuneldəki insanlar havasızlıqdan, eləcə də ayaqlar altında qalaraq həlak olublar. Qatarda olanların əksəriyyəti isə zəhərli tüstüdən boğularaq ölüb.

Qatarı idarə edən “maşinist” və dispetçer 10 il azadlıqdan məhrum edilib.

Terror, yoxsa qəza?

Həmin hadisə zamanı əsas versiyalardan biri terror aktının törədilməsi idi. Buna səbəb 1994-cü ildə baş vermiş iki terror aktı idi. Belə ki, yanğın hadisəsindən bir il öncə, martın 19-da “20 Yanvar” stansiyasında törədilmiş terror nəticəsində 14 nəfər həlak olub, 79 nəfər yaralanıb. Araşdırmalar nəticəsində, bu terror aktı “Sadval” separatçı təşkilatı tərəfindən törədilib. Onlar bu terror aktını Ermənistan xüsusi xidmət orqanları ilə əlbir olaraq həyata keçirib. Terror aktına görə, 11 nəfər həbs olunb. Onlardan ikisi ölüm hökmünə, digərləri isə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilib.

Anasını tutub oğlunu terror törətmək üçün Bakıya göndərdilər

İkinci terror aktı isə iyulun 3-də törədilib. Baş verən partlayış nəticəsində 13 nəfər həlak olub, 58 nəfər yaralanıb. İstintaq araşdırmalarında məlum olub ki, terror aktını Azərbaycan vətəndaşı Azər Aslanov həyata keçirib. Aslanov Moskvada saxlanılaraq, Azərbaycana ekstradisiya olunur.
1988-ci ildə A.Aslanov istintaqa ifadəsində bildirib ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına layiq görülüb.

İstintaq nəticəsində müəyyən edilib ki, 13 yanvar 1994-cü ildə Qarabağda erməni əsirliyinə düşən Azər Aslanov Ermənistanda olarkən erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib.

Onu azad etmək bəhanəsi ilə 16 iyun 1994-cü ildə anası Tədjibat Aslanova ermənilər tərəfindən İrəvana dəvət olunur. Azər Aslanova isə anasının girov olduğunu və onun azad olunması üçün Bakı metrosunda terror aktı törətməsini deyirlər. Bundan sonra, Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə 3 iyul 1994-cü ildə İrəvan-Mineralniye Vodi-Bakı marşrutu ilə Azərbaycana gəlir, terror aktını törədir və Ermənistana qayıdır. Yalnız bundan sonra onun girovluqda saxlanan anası azad edilir və onlar Ermənistanı tərk edirlər. Terror aktının təlimatçıları, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub.

Məhkəmənin qərarı ilə Zori Balayana qarşı cinayət işi açılır. 1999-cu ildə Azərbaycan respublikasının baş prokurorluğunun təqdimatı əsasında Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa verilir. Daha sonra o, MDB ölkələrində də beynəlxalq axtarışa verilir.

2011-ci ildə erməni tərəfinin müraciəti əsasında İnterpol Balayanı axtarışda olan şəxslər siyahısından çıxarır.

Bu iki terror aktı 1995-ci ildə baş vermiş yanğın hadisəsinin də terror ola biləcəyi ehtimalını artırırdı. Lakin rəsmi araşdırmalar, hadisənin sırf texniki nasazlığa görə baş verdiyini təsdiqlədi.