backend

Lerik sakinləri başçıdan giley edir - Yollara ayrılan pullar...

Lerik sakinləri başçıdan giley edir - Yollara ayrılan pullar...















«Bu gün Lerik icra hakimiyyəti yollara ayrılan pulları dədə malı kimi mənimsəməkdədir». DİA.AZ bildirir ki, bunuı Lerikin Biləvər kəndinin sakinləri ölkə başçısına müraciətlərində qeyd ediblər. Biləvərlilər prezidentə sosial problemlərindən yazıblar. Bu problemlərin sırasında yol məsələsi xüsusi qeyd olunub.

Kənd sakini Mehman Muradov danışır ki, Biləvər ucqar kənd olduğundan burada əkinlə məşğul olmaq mümkün deyil. Bircə ümid heyvandarlığa qalır, yolsuzluq bu sahənin də inkişafına imkan vermir: «Yolumuz olmadığından kəndə yem gətirə bilmirik. Yay quraqlıq keçdi, su olmadı, su maşını gəlmədi, heyvanların bir qismi susuzluqdan qırıldı, bir qismi süd vermədi. Əsas məşğuliyyətimiz pendir, nehrə yağı, qatıq, süd, toyuq, cücə satmaqdır. Yol olmadığından bu məhsulları kənddən kənara çıxara bilmirik».

Kənddən təqribən 3 kilometr aralıdan üç kəndi birləşdirən əsas yol keçir. Bu yol prezidentin sərəncamıyla yeni çəkilib. Kəndlilər düşünür ki, ayrılan pullar tam olaraq yollara xərclənsəydi, onların kəndini bu yoldan ayıran 3 kilometr yolun da çəkilməsinə yetərdi.

Kənd sakini Hüseyn Hüseynov: «Bu 3 kilometr yola özümüz mal-heyvanımızı satıb dəfələrlə daş-çınqıl tökdürmüşük. 3 kilometr yolun salınması hökumət üçün elə də böyük xərc deyil, ancaq o yolu gedib-gəlmək kəndlilərə əzabdır, ölümdür. Bərbad yolda hər ay qəzalar olur, hər ay azı bir ailə gözüyaşlı qalır».

Əsasən, yağış mövsümü başlayanda kəndlilərin əziyyətləri artır, yollar sürüşkən və təhlükəli olur. Qar yerə qoyanda isə kəndin ətrafla əlaqələri tamamilə kəsilir. Kəndə ərzaq, çörək gətirilmir, ağır xəstələri rayon mərkəzindəki xəstəxanaya çatdırmaq mümkün olmadığından həyatla vidalaşırlar.

Kəndlilər iddia edirlər ki, bir müddət əvvəl mal-heyvanlarını sataraq 4 min manat toplayıb yerli icra hakimiyyətinə veriblər ki, yol çəkilsin. Lakin pulu götürən məmur qısa müddətdən sonra özlərinə qaytarıb və yolun dövlət hesabına təmir olunacağını deyib.