backend

"Üzeyir Hacıbəylini Üzeyir Mehdizadə əvəzlədi" - Dövrün Hacı Zeynəlabidini hanı...

"Üzeyir Hacıbəylini Üzeyir Mehdizadə əvəzlədi" - Dövrün Hacı Zeynəlabidini hanı...

Son 20 ildə ölkədə xalq şairi, xalq yazıçısı yetişməyib. Yaxud da yetişib, ancaq ad verilməyib.
Üzeyir Hacıbəyov, Qara Qarayev səviyyəsində bəstəkar 30 ildir yetişmir. Nə oldu, Səməd Vurğunları, İsmayıl Şıxlıları, Fərman Kərimzadələri, Hüseyn Arifləri, Mehdi Hüseynləri, İsa Muğannaları, Nüsrət Kəsəmənliləri Sovet dövründə yetirən xalq indi azadlıqda bir Vahid də yetirəmmədi ?..
Vahidi Elzalar əvəzlədi. Üzeyir Hacıbəyovu Üzeyir Mehdizadə əvəzlədi.
Niyə bayağılaşdı, ucuzlaşdı nəhəng ədəbiyyatımız...
Anar AYB ə rəhbərlik etdiyi bu uzun zamanda bircə dənə də Anar yetirəmmədi?
Bircə şair, yazıçı Xalq yazıçısı məqamına yüksələmmədi?
Şərqi lərzəyə gətirən simfoniyalar indi niyə yaranmır. Mayası müstəqillikdən sonra tutulanlardan niyə bircə Zəlimxan çıxmadı, niyə bircə Niyazi, Rəşid Behbudov yaranmadı...
Çünki istedada və istedadlıya deyil, adamı, pulu, tapşıranı olana qapı açıldı. Çünki Yazıçılar Birliyinə istedada görə yox, pulu olub kitab çap etdirəni üzv etdilər. Zövqsüzlər hələ də Üzeyiri toylara aparmaq üçün növbəyə yazılır.
Şeirə, normal klassik poeziyaya yox, küçə söyüşləri ilə müşaiət olunan bayağı meyxanalar ekranları ağzına aldı. Bircə şairi, ailimi, yazıçını gözümüz doyunca efirdə görmədik.
Hələ üstəlik Elzaları, Üzeyirləri, meyxanaçıları sanballı verilişlərə çıxarıb xalqa "öyüd-nəsihətlər" də verdilər.
Bir də Nizami gəlməz, bir də Nəsimi yetişməz, bir də Üzeyir Hacıbəylilər olmaz bu gedişlə...
Bə qədər ki, mədəniyyətin deyil, mədəniyyətsizliyin təbliğatı gedir, bir də Cəfər Cabbarlılar gəlməz. Nə qədər ki, artistlər xalqa efirdən moizə oxuyacaq, ikinci Bəxtiyar Vahabzadə gəlməz...

Bu problem çoxunu düşündürmür. Ədəbiyyatımız, mədəniyyətimiz tənəzzülə gedir. Daxilən, batinən, içəridən bayağılaşır, dayazlaşır, ucuzlaşır...
Zövqlər o qədər bayağılaşır ki, xarici turistlər də taksidə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Rəşid Behbudovun, Alim Qasımovun yaradıcılığına deyil, Üzeyir Mehdizadələrin, Allahyar Dvatsatının meyxanalarına qulaq verməli, mədəniyyətimizin, musiqimizin də elə bu səviyyədə olmasına əmin olması ilə nəticələnir.
Cavanlar söyüşlü meyxanalara, operalar əvəzinə Şəmi-Şöşü, Rafail - Coşqun səviyyəsindəki "incəsənət nümunələri" nə aludə olmağa vərdiş ediblər.
Metroda, Avtobusda, dayanacaqda əlində kitab bir adam da görmək olmur.
Qeyri-hökumət təşkilatları bu kimi məsələlərdə "ölmüş və ya öldürülmüş" dəyərləri dirildə bilərlər.
Cəmiyyətin kübar musiqiyə, klassik ədəbiyyata qayıtmasına çalışa bilərlər.
Nizam pozulur !
İnsanlar stress, depressiya və əsəbdən intihar edir, ürək xəstəliklərinə yoluxur. Çünki bayağı musiqilər və səviyyəsiz ədəbiyyat palma yağı qatılmış saxta kərə yağ kimi, kirəc qatılmış qənd kimi, kauçuk düyü kimi, süpürgə toxumu qatılmış sumax kimi xalqın fitri genetikasına zəhərləyici mənfi təsir göstərir.
Şövkət Ələkbərova elə ruh dincəldən, elə aram oxuyurdu ki, axşama kimi işləyən fəhlənin yorğunluğu 3 dəqiqədə yox olurdu. İndi isə müğənnilərin dava-şavasından təngə gələn insan onları görəndə əsəbiləşir. Onların səsi gələndə nəinki ruhən dincəlmək, əksinə onların didişməsini gözü önünə gətirib ikrah edir...
Bu incə və həssas, əslində böyük əhəmiyyət kəsb edən suallar və problemlər hər kəsi düşündürməlidir.
Səhvlər düzəldilməlidir.
Dünya meydanına çıxası dövrün Səməd Vurğunu hanı? Dövrün Üzeyir Hacıbəylisi hanı?
Dövrün Hacı Zeynəlabidini hanı...

Tural İrfan